“Həftədə 2 dəfə hərrac keçirməklə manatı daha çox dəyərdən salacaqlar”
Yanvarın 30-u bankların dollar satışından imtina etdiyi bildirilir. Fins.az bəzi bankların dollar satışına yenidən limit qoyduğunu yazır.
Meydan TV dolların satışının dayandırılıb-dayandırılmamasını müəyyənləşdirmək üçün banklar arasında sorğu keçirib. Məlum olub ki, dolların satışı dayandırılmayıb, sadəcə müəyyən limit qoyulub.
“Dəmirbank” 500 dollardan artıq satış həyata keçirmir. Dolların alışını 1.92, satışını 1.9720-dən edir. “Unibank”da isə satış limiti 1000 dollardır. Alış 1.9250, satış 1.97-dir.
Beynəlxalq Bank-dan dolların satışının mümkün olduğunu dedilər: “Sadəcə məhdudiyyət var. Müəyyən məbləğdə ala bilərsiniz. Nə qədər olduğunu dəqiq deyə bilmərəm. Bankın filiallarına yaxınlaşıb öyrənin. Alış 1.9165, satış 1.9797-dir”.
“Turanbank”-da isə maksimum satış məbləği 500 dollardır. Alışı 1.92, satış1.96-dan həyata keçirir.
“Bank Respublika”-da limit daha çoxdur. Bir nəfər 5 min dollara qədər ala bilər. Alış qiyməti 1.9165, satış isə 1.96-dır.
“Əmrahbank”-dan isə bildirdilər ki, konkret limit məbləği qoyulmayıb. Durum kassadakı məbləğdən asılı olaraq dəyişə bilər. Alış 1.93, satış 1.96-dır.
Hazırda Mərkəzi Bankın məzənnəsinə görə, 1 dollar 1.9165-ə bərabərdir.
Bu gün Mərkəzi bankda hərrac olmalı idi. Lakin təxirə salındı. Hərracın vaxtını dəyişib, həftənin 2-5-ci günlərinə saldılar. İqtisadçı Natiq Cəfərli bunun yaxşı hal olmadığını deyir:
“Bu, biznesi ürküdən addımdır. Çox güman, həftədə 2 dəfə hərrac keçirməklə manatı daha çox dəyərdən salacaqlar, sürəti artıracaqlar. Bu addım bir daha sübut edir ki, bizdə üzən məzənnə deyil. Üzən məzənnədə belə olmur. Dünyada həftədə 2 dəfə üzən valyuta yoxdur”.
Ötən il də ayrı-ayrı vaxtlarda ölkənin əksər bankları dollar satışından imtina etmişdi. Bu ilin əvvəlindən isə banklar dollar satışını bərpa etmişdi.
2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.