“Bankın filial müdiri bir gündə 800 min dollar ziyana düşdü”

T.Bağırov onu da deyib ki, 2015-2018-ci illər ərzində Emin Zeynalovla dəfələrlə valyuta dəyişmə əməliyyatları edib və heç bir problem yaşanmayıb.

Source: Foto: arxiv


30 milyonluq işdə yeni detallar

“GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovla bağlı 30 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırmaları davam edir. Valyuta mübadiləsindən qazanmaq üçün E.Zeynalova pul verib ziyana düşdüyü iddia olunan zərərçəkmişlər arasında Türkiyə vətəndaşı Serdar Zıvalı da var. O, dekabrın 25-də məhkəmədə ifadə verib.

Zərərçəkmiş bildirib ki, E.Zeynalovu Bakıda təhsil alarkən tələbə yoldaşı olmuş Orxan Vəliyev vasitəsilə tanıyıb. Ona ümumilikdə 4.5 milyon dollar pul verib: "Universiteti bitirdikdən sonra qərara gəldik ki, birlikdə bizneslə məşğul olaq. Həmin ərəfədə Türkiyədə inşaat sektorunda yaxşı qazanc əldə etmək mümkün idi. Əvvəlcə Türkiyədə işə başladıq, sonra işləri Bakıda davam etdirdik. 2018-ci ildə Orxan mənə dedi ki, tanışı Emin Zeynalov bankda işləyir və valyuta dəyişməklə məşğuldur. Təklif etdi ki, biz də Eminə pul verək. Mənim Orxanda 2 milyon dollarım var idi. Bizim işimiz belə idi ki, bir-birimizdə pulumuz olanda onu köçürmə etmirdik. Çünki bank xərcləri çox olurdu. İldə bir-iki dəfə hesablaşırdıq. Bizim birlikdə Vyanada da biznesimiz var. Əvvəlcə 2 milyon dollar verdik. Sonra da 2 milyon 500 min dollar".

Zərərçəkmişlərdən biri də "Azərbaycan Beynəlxalq Bankı"nın "Sumqayıt" filialının müdiri Tural Bağırovdur. O bildirib ki, təqsirləndirilən E.Zeynalovu 2001-ci ildən tanıyır, onun qaynı ilə dost olublar. O dövrdə Emin hələ universitetdə oxuyurmuş.

Zərərçəkmişin sözlərinə görə, E.Zeynalovun "GünayBank"da sədr müavini olduğu vaxt ucuz qiymətə valyuta mübadiləsi ilə məşğul olduğunu eşitmişdi: "Mənim tanışlarım mənə valyuta mübadiləsi üçün müraciət edəndə Eminə yönləndirirdim. Çünki Emin daha ucuza alış-satış edirdi".

T.Bağırov deyib ki, bir gün Emin ona zəng edərək ucuz qiymətə avro almağı təklif edib: "Mən də razılaşdım. Bir dəfə 100 min dollar, sonra 700 min dollar da göndərdim. 800 min dollara avro alınacaqdı. Bu əməliyyat bir gündə həyata keçirilməliydi, əvvəl saat 12 dedi, sonra 3-4 oldu. Axşama qədər xəbər çıxmadı. Səhər bildim ki, Emin yoxdur”.

b211e8de-eb1a-428a-b435-036b0fa14321_930.jpg
Emin Zeynalov

T.Bağırov onu da deyib ki, 2015-2018-ci illər ərzində Emin Zeynalovla dəfələrlə valyuta dəyişmə əməliyyatları edib və heç bir problem yaşanmayıb.

İttihamda yazılıb ki, E.Zeynalov "GünayBank"da sədr müavini olan zaman 20-yə qədər adamdan 30 milyona qədər pul alıb. Onlada vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək. Əvvəlcə aldığı məbləğin 2-3 faizi qədər qazanc verib.

Zərərçəkmişlərdən Rəşad Qəribovdan 200 min dollar, Fərid Məmmədovdan 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, M.Məmmədəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1.4 milyon dollar, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alındığı iddia olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

E.Zeynalov özünü təqsirli bilməyib.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ana səhifəİqtisadiyyat“Bankın filial müdiri bir gündə 800 min dollar ziyana düşdü”