“Kredit müqaviləsinin müddəti sizin razılığınız olmadan uzadılıbsa, siz artıq zamin deyilsiniz”
Mərkəzi Bank kredit borclarının statistikasını açıqlayıb. 2015-ci ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs var. Bu isə ümumi əhalinin 26 faizini təşkil edir. Onların böyük bir hissəsi – 2 milyon 381 min 592 nəfəri fiziki şəxslər, yəni istehlakçılardır. Digər kredit götürənlər isə hüquqi şəxslər (10.957 nəfər) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Bunların sayı isə 21.573 nəfər təşkil edir.
Məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti yayıb. Məlumatda bildirilir ki, zamin duran şəxslərin sayında da artım müşahidə olunub. Mayda onların sayı 1 milyon 115 min 820 nəfərə çatıb ki, bu da mart və aprel ayları ilə müqayisədə 6.344 nəfər artım deməkdir.
Bu ilin fevralın 1-nə borcalanların sayı 2.342.233 nəfər olub. Növbəti aylarda isə onların sayında nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub. Belə ki, martın 1-də 2.366.967 nəfər, aprelin 1-də 2.389.292 nəfər, mayın 1-də isə 2.414.122 nəfər olub.
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə deyir ki, bankların bağladığı zaminlik müqavilələri qanunsuzdur. Bu barədə öz Facebook səhifəsində yazan ekspertin fikrincə, vətəndaş bu müqaviləni bağlayanda məsuliyyəti tam dərk etmir: “Banklar girovla (ipoteka ilə) yanaşı verdikləri kreditləri zaminliklə də təmin edir. Bu halda bankla zamin arasında zaminlik müqaviləsi bağlanır. Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, zamin də borclu ilə birgə banka qarşısında kreditin qaytarılmasına görə məsuliyyət daşıyır (subsidiar məsuliyyət növü də var, amma bizim banklar onu tətbiq etmir). Yəni kredit qaytarılmadıqda bank onu zamindən də tələb edir. Zamin kreditə görə bütün əmlakı (!) ilə məsuliyyət daşıyır (təəssüf ki, zaminlərin çoxu bunu bilmir və zaminlik müqaviləsini imzalayanda məsuliyyətini tam dərk etmir). Krediti borclu deyil, zamin ödədikdə, borclu artıq banka deyil, zaminə borclu hesab olunur. Yəni bankın kredit üzrə tələbləri zaminə keçir.
Təcrübədə adətən banklar zamindən borcu yalnız o halda tələb edir ki, kredit üzrə dəyərli girov (ipoteka) mövcud deyil. Amma bu, heç də o demək deyil ki, girov (ipoteka) ola-ola bank borcun ödənilməsini zamindən tələb edə bilməz. Bilər! Girov (ipoteka) olmadıqda isə bank təbii, borcu zamindən də tələb edir (o cümlədən məhkəmə qaydasında).
Beləliklə, borc qaytarılmayanda zamin də çox çətin vəziyyətə düşür”.
Eksert zamin duran şəxslər üçün faydalı məsləhətlər də verib:
“Mülki Məcəllənin 474-cü maddəsinə əsasən zamin banka qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər, hətta borclu onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da. Bu isə o deməkdir ki, mənim indiyədək kredit müqaviləsi üzrə borclulara verdiyim məsləhətlərin hamısı zaminlərə də aiddir və onlardan yararlanmağı məsləhət görürəm. Məsələn, qanuna görə kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Banklar isə ayda bir dəfə tutur. Buna görə də kredit müqaviləsi qanunsuz və etibarsızdır. Deməli, bütün zaminlik müqavilələri də eyni ilə qanunsuz və etibarsızdır. Borclu banka qarşı bu tələbi irəli sürməsə belə, zamin irəli sürüb məsuliyyətdən tam azad ola bilər. Buna görə də bank borclunu və sizi məhkəməyə verən kimi banka qarşı bütün etirazlarınızı məhkəməyə bildirin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsini tələb edin.
Bu məsələyə xüsusi diqqət yetirin! Devalvasiydan sonra bankların çoxu xarici valyutada olan kredit müqavilələrinin müddətini uzadıb. Amma bir qayda olaraq, zaminlik müqaviləsində bunu əks etdirməyiblər. Başqa sözlə, zaminin razılığını almayıblar. Bu isə o deməkdir ki, həmin andan etibarən zaminlik müqaviləsi qüvvəsini itirib. Çünki Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Bu müddəa Rusiya Mülki Məcəlləsinin 367-ci maddəsinin 1-ci bəndini olduğu kimi təkrarlayır. Rusiya məhkəmələri isə hesab edir ki, kreditin müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Çünki ən azı faiz ödənişlərinin cəmi məbləği artır. Buna görə də diqqətli olun: kredit müqaviləsinin müddəti sizin (zaminin) razılığınız olmadan uzadılıbsa, siz artıq zamin deyilsiniz və məhkəmə prosesi başlayanda bunu məhkəməyə təqdim etdiyiniz etirazda bildirin”.
Məsələyə hüquqşünas Ələsgər Məmmədli də münasibət bildirib. Hüquqşünas öz Facebook səhifəsində yazır: “Bu gün Mərkəz Bank kredit borclarının statistikasını açıqlayıb. 2 milyon 381 min 592 nəfər (fiziki şəxs) borcludur. 1 milyon 115 min 820 nəfər də borclara zamin olub. Beləliklə, bankların caynağında olan insanların ümumi sayı 3 milyon 497 min 412 nəfərdir. Son seçkilərdə 2014-dekabrda seçki siyahısında 18 yaşını tamamlamış seçici sayı 4 831 328 nəfər olaraq protokollara qeyd edilib. (MSK-nın saytına baxa bilərsiz).
Deməli 18 yaşından yuxarı əhalinin 72,4% -i banklara borcludur. Bu saya əmək qabiliyyəti olmayanlar, pensiyaçılar və s-də də daxildir.
Bu tablo siyasi fəaliyyətlə məşğul olanlar ciddi şəkildə düşündürməlidir: Bizi nə gözləyir?”