“Deputat Mixail Zabelinin xeyrinə namizədliyimi geri götürməyimi istəyirlər”
34 saylı Xətai II Seçki Dairəsindən namizəd İmran Ələkbərov təzyiqlərə məruz qaldığını deyir. "Bank of Baku"-nun Baş Ofisinin İnzibati Mərkəzində hüquqşünas vəzifəsində çalışan İmran Ələkbərovun sözlərinə görə, ona deputat Mixail Zabelinin xeyrinə namizədliyini geri götürmək üçün təzyiq olunur.
Bu barədə Meydan TV-yə danışan İmran Ələkbərov Prezident İlham Əliyevə qarşılaşdığı qanunsuzluqlarla bağlı teleqram göndərdiyini və MSK-ya şikayət etdiyini bildirib:
“MSK şikayətimi qəbul edib imza atsa da, möhür vurmayıb, möhürü şikayəti araşdırmamaq üçün vurmurlar. Hazırda bu məsələ ilə məşğulam”.
İmran Ələkbərov bildirib ki, Mixail Zabelin tərəfindən ona və müşahidəçilərinə ciddi təzyiqlər edilir:
“İlkin olaraq Xətai Rayon İcra Hakimiyyətindən təzyiqlər oldu, indi isə çalışdığım "Bank of Baku"-nun rəhbərliyi təzyiq edir. Fevralın 4-də bankın Müşahidə Şurasının sədri Elçin İsayev məni çağırıb söhbət etdi, ardınca işçilərlə danışdı. Bank rəhbərliyi müşahidəçilərimə deyir ki, seçki günü məntəqələrdə olmasınlar. Mənim müşahidəçilərimin çoxu bankda çalışırlar, hər biri ilə fərdi söhbət ediblər ki, getməyin, əks təqdirdə, başınız ağrıyacaq. Məqsəd odur ki, komandamı dağıtsınlar, mən tək qalım və Mixail Zabelin gedib Milli Məclisdə otursun”.
"Bank of Baku"-nun Reklam və ictimaiyyətlə əlaqələr departamenin direktoru Gülşən Cumayeva Meydan TV-yə İmran Ələkbərovun söylədiklərini təkzib edib.
Gülşən Cumayeva deyib ki, yayılan məlumatla bağlı Müşahidə Şurasının sədri Elçin İsayevlə əlaqə saxlayıb və o, İmran Ələkbərovla bu barədə söhbət etmədiyini deyib:
“İmran Ələkbərovun söylədikləri tamamilə yanlış və həqiqəti əks etdirməyən məlumatdır. Qeyd edilən nüans yaşanmayıb. Yəqin ki, İmran Ələkbərovla da danışacağıq, çox təəssüf ki, doğru olmayan məlumat yayıb”.
34 saylı Xətai II Seçki Dairəsində 18 namizəd var, onlardan 14 nəfəri bitərəf, qalanları YAP, Müsavat, VHP və VAP üzvləridir.