Balıq biznesilə məşğul olan polis polkovniki həbsdən buraxıldı

Zərərçəkmiş şikayətini geri götürüb

Source:

Dələduzluqda təqsirləndirilərək həbs olunan Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanov məhkəmə zalından azadlığa buraxılıb.

Mayın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub və polkovnik 2 il sınaq müddəti təyin edilməklə, şərti azadlığa buraxılıb.

Fərhad Məmmədxanov ailəvi gediş-gəlişləri olan Eldar Hənifəyevdən biznes qurmaq adıyla 150 min manat alıb, onu aldatmaqda ittiham olunur. Bu məbləğin 30 min manatı qaytarılıb.

Zərərçəkmiş Eldar Hənifəyev məhkəmədə bildirib ki, hər ay qazanc adıyla ona 5 min verilib. Bu da 6 ay çəkib. Qaytarılan 30 min də həmin puldur.

Eldar Hənifəyev polis polkovniki ilə birgə iş görməyə necə başladıqları barədə də danışıb: “Deyirdi ki, artıq polisdə də pul çıxmır. Təklif elədi ki, balıq biznesində yaxşı qazanc var. Mən də inanıb razılaşdım, pulu verdim. Ona ümumilikdə 185 min vermişəm. Onun 35 mini əvvəldən verilib. İş üçün 150 min alıb məndən. İndi heç 35 mini istəmirəm. 150 minin də 30 minini çıxıram. Qalan pulumu versin. 3-4 ildir bilmirəm…”

E.Hənifəyev bildirib ki, ailəvi münasibətləri yaxşı olub, övladı da xəstədir, ona görə F.Məmmədxanovun həbsini istəmir. Amma pulunun da heç olmasa, bir qisminin qaytarılmasını istəyir.

F.Məmmədxanov məhkəmədə bildirib ki, azadlığa çıxsa, hissə-hissə mütləq pulu qaytaracaq.

Zərərçəkmiş E.Hənifəyev növbəti məhkəmələrin birində polis polkovnikindən şikayəti olmaması barədə ərizə verdi. Baxmayaraq ki, ona dəymiş ziyan ödənilməmişdi.

1960-cı il təvəllüdlü F.Məmmədxanov həbsindən 6 ay əvvəl – 2017-ci ilin iyununda vəzifəsindən azad edilib.

Ana səhifəXəbərlərBalıq biznesilə məşğul olan polis polkovniki həbsdən buraxıldı