Balaxanılıların yeni dərdi – evləri sökülə bilər

Dövlət Neft Şirkəti yol kənarında, buruq ətrafında yerləşən evlərə məktub göndərməyə başlayıb

Source:


Dövlət Neft Şirkəti yol kənarında, buruq ətrafında yerləşən evlərə məktub göndərməyə başlayıb

“Zavodlarda balaxanılılar işləmir. Bu zavodların bizə aidiyyatı yoxdu. Kim gəlir, öz qohumunu gətirir. Kənd camaatına baxan yoxdu. Oğlumun taksisi qapıda dayanıb. İşə çıxa bilmir. Niyə? Bu Avropa Oyunlarına görə. Xüsusi taksiləri 3 aydır şəhərə buraxmırlar. Yanvardan bu yana işləyə bilmir. Yenə onunla qəpik-quruş qazanırdı, ancaq indi o da yoxdu. Kiçik oğlum da işsizdi. Qalıb belə”, – deyir, Balaxanı sakini Zemfira xanım.


Kələ-kötür yollarda…

Balaxanının yolları kələ-kötürdü. Sakinlər yolların dağılmasının bir səbəbini də su və kanalizasiya xətti çəkənlərdə görürlər. Belə ki, yeni asfaltlanan yolun hər iki tərəfi qazılır və həmin çuxurlar doldurulmur.

Balaxanının dörd bir yanı asfalt və zibil zavodlarıdır.

Buruqlarla əhatələnən sahələrdə, darvaza ağızlarında qalaqlanan zibil torbaları gözə dəyir. Zemfira xanım zibilləri atmağa dəmir qutu tapmadıqlarını söylədi: “Zibilimizi tökmək üçün heç zibil yeşiyi tapmırıq. Məcburuq tökək darvazanın ağzına, ya da yola. Qutunu gah yola yaxın qoyurlar, gah yolun o biri üzünə keçirirlər, gah da götürüb aparırlar. Heç biri yoxdu. Çoxdandı belədi. Zibilsatanlar gecələr aparır”.

Qurbağalar quruldayır, neft qoxusu ətrafa yayılırdı. Hələ gün batmamış getdiyimiz kəndin dar küçələrində, keçidlərdə nə bir fənər, nə də işıq dirəyi vardı. Baxmayaraq ki, Balaxanı Avropa Oyunlar üçün nəzərdə tutulan stadionun qonşuluğunda yerləşir.

“Gecələr kəndə stadionun işığı düşür, ancaq səs-küyündən dayanmaq olmur. Təzəlikcə məşq edirdilər, elə bilirdik ki, oyunlar həyətdə keçirilir” – deyir,  Balaxanı sakini Rəşid.

Balaxanılılar qaranlıq küçələrini işıqlandıran stadiona ad da qoyublar: “Svetilnik”.


Yeni problem

Sakinlərin yeni bir problemi də ortaya çıxıb. Dövlət Neft Şirkəti yol kənarında, buruq ətrafında yerləşən evlərə məktub göndərməyə başlayıb. Məktubda geoloji tədqiqatlara əsasən evin altında neft quyusu yerləşdiyi deyilir və sakindən evi boşaltması tələb olunur. Belə məktublardan biri də Səməd Mənsur küçəsində yerləşən 40 saylı evə göndərilib: “Bizim evə Neft Şirkəti məktub göndərib. Məktubda yazırlar ki, evin altında neft quyusu yerləşdiyi üçün evi söküb çıxın. Konpensasiyadan söhbət də getmir. Burda da hər yer quyudur. Hansı həyətdə quyu yoxdur?” – evin özünü təqdim etmək istəməyən sakini deyir.

“Bizə hələ Neft Şirkətindən məktub gəlməyib. Gəlsə də, bilmirik necə olacaq? Mən əslən Balaxanıdanam. O qədər problemim var ki, məktub məsələsi yada düşmür. İçməli su problemimiz var. Suyu da hamının qapısına qədər çəksələr də, bizim həyətə çəkməyiblər. Çəkib həyətdən kənarda qoyublar. Bu ərazidə də üç ev var. Fəhlələr dedilər ki, nə vaxt bizə desələr “həyətə çəkmək lazımdı”, çəkəcəyik. Köhnə xətti də rəhmətlik yoldaşım öz hesabına çəkdirib. Ordan su yığıram. İndi də deyirlər ki, sayğac üçün pul yığırlar” – deyir, Zemfira xanım.

Balaxanıda həyətində neft quyusu olmayan ev tapmaq müşkül məsələdi. Zaman-zaman evlərin pillələri belə həmin quyulara sovrulur. Sakinlər çıxış yolunu quyuların ağzını qumla doldurmaqda görürlər.

“Bizim işığımız, suyumuz da var. Biz tərəf yaxşıdı, ancaq kənd camaatı işsizdi. Zibil qutuların tapa bilmirik ki, içinə zibil ataq. Məktəbə gedəndə yolda tapdığım qutuya zibil ata bilirəm. Ayda da 2 manatdan zibil pulu verirəm. Bu pulu da çox adam verə bilmir. İşsizlikdi. Mən işləyirəm, ona görə verə bilirəm, ancaq işsizlərimiz çoxdu. Evli qardaşım da işsizdi” – deyir, Cəmilə xanım.


Baxımsız qalan abidələr

Kəndin girişində baxımsız vəziyyətdə olan qədim Karvansaray yerləşir. Karvansarayn arxasında 1941-1945-ci illərdə Balaxanıdan İkinci Dünya Müharibəsinə gedənlərin şərəfinə qoyulmuş abidə kompleksi salınıb. Divara vurulan lövhədən bəlli olur ki, Balaxanıdan cəbhəyə gedənlərin 727 nəfəri həlak olub. Kompleksin yaxınlığında da Mirzə Ələkbər Sabirin şərəfinə bağ salınıb. Nə abidə kompleksinə, nə də bağa xüsusi diqqət yetirilmir. Ordan bir qədər kənarda – Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi Balaxanı parkının içində yerləşir. Bu abidə də durumuna görə əvvəlkindən fərqlənmir.


İcra nümayəndəsi işdən çıxıb

Kənddəki problemlərin nə zaman həll olunacağını, ümumiyyətlə, bu istiqamətdə hər hansı iş görüldüyünü öyrənmək üçün Balaxanı icra nümayəndəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin onu iş yerində tapmaq mümkün olmadı. Qəsəbə sakinləri dedilər ki, icra nümayəndəsi Fərhad Qurbanov Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Səbəb torpaq satışından əldə etdiyi vəsaitdir. Sabunçu Rayon İcra Hakimiyyətindən isə Meydan.TV-yə bildirdilər ki, bu məsələdən xəbərsizdirlər.

Fərhad Qurbanovla yalnız telefon əlaqəsi saxlamaq mümkün oldu. Onda da dedi ki, artıq icra nümayəndəsi deyil, yerinə Bəybala adlı şəxs təyin olunub. Bəybala müəllimin kimliyini isə müəyyənləşdirmək mümkün olmadı. Sabunçu RİH bu barədə  məlumat vermək istəmədi.

Nefti zəngin Balaxanının sakinləri isə ümidlə problemlərinin həllini gözləyirlər…

Ana səhifəXəbərlərBalaxanılıların yeni dərdi – evləri sökülə bilər