Məhəllə futbolunun qaydalarını bilirsiniz, yəqin. Penalda qapıçı dəyişəndə 2 dəfə vurmaqdan tutmuş “qapıçı-oyunçu” statusunun xüsusi verilmə şərtlərinə qədər. Bu qaydalar dünyanın hər yerində təxminən eyni və ya çox oxşardır. Biz məhəllədə futbol oynayanda qayda tətbiq edərkən, Argentinadan, Avstraliyadan öyrənmirdik. Nəyi ədalətli hesab edirdiksə, tətbiq edirdik.
Axırda ona görə oxşar və ya eyni qaydalar alınır ki, insanların ədalət anlayışı eynidir. Uşaqlar isə adətən saf olaraq, çox az hallarda qeyri-səmimilik edirlər. Belə qeyri-səmimilik olanda dava düşür. Döyülən ağlayır, həmişə də deyir ki,“mən qorxduğumdan ağlamıram”. Haqlıdırlar. Ədalətsizlikdən ağlayırlar. Ədalətsizlik elə haldır ki, onun qabağında durmağa möhkəm iradə lazımdır.
“Möhkəm olmaq lazımdır” deyimi ekstremal fiziki şəraitdə yaşayanlar istisna olmaqla, daha çox mənəvi möhkəmliyi nəzərdə tutur. Bir də gördün, bir dost xəyanət edir, ya bir qız (müvafiq olaraq, əks cins də ola bilər) səni elə dolayır ki, ayılanda möhkəm olmasan, altından çıxa bilmirsən. Nə qədər adam görmüşəm, bir qızın dalınca sürünüb illərini məhv edib.
Bir də görürsən, bir ədalətsizlikdən həyatın darmadağın olur. Onda intihar yalnız fiziki ağrını qaldıra biləcək qədər uzaq olur. Mənəvi möhkəm olmağı tələb edən vəziyyətlər adətən ədalətsizlik nəticəsində yaranır.
Ədalət isə, dediyim kimi, bizim fitrətimizdədir. Hətta əclaflıq edən adamlar, məncə, daha möhkəm iradəyə malikdirlər. Bir müddət əvvəl dostum yazmışdı ki, vicdansızlıq etməyə çalışanlar vicdanlı olmağa çalışanlardan çoxdur. Əlbəttə. Vicdansız olmaq, ədalətsizlik etmək çətindir. Axı insanıq. Fitrətə zidd şeylər etmək əziyyətlidir. Balıq uçmağa çalışsa, min illərə yəqin ki, hansısa uçan balıq növü təkamül edəcək (hətta var artıq). İnsan da həmçinin – fitrətinə zidd olanı etməyə çalışdıqca, axırda bir nəsil, bir sosial qrup vicdansızlığı, əclaflığı öz fitrətinə oturtmağa başlaya bilər.
Təkamül nə qədər uzun çəksə də, diqqət edəndə nəticələri qısa zaman amplitudasında da görmək olar. Darvin yazırdı ki, on doqquzuncu əsrdə İngiltərədə kiçik çənə zadəganlıq əlaməti sayılırdı. Bunun səbəbi isə təkamülün erkən nəticəsində görünür. Belə ki, on doqquzuncu əsrdə zavod və fabriklərdə işləyən dəzgahlar, maşınlar çox səs-küy edirdi, fəhlələr bir-biri ilə danışmaq üçün adətən qışqırırdılar.
On doqquzuncu əsrin iş şəraiti və sosial vəziyyəti elə idi ki, fəhlə günün yarısını və ya daha çoxunu işləyir, deməli, fiziki sağlam ömrünün yarısından çoxunu qışqıraraq keçirir, onun övladları da valideynlərinin işini davam etdirirdilər. Nəticədə atada güclənmiş çənə əzələləri oğulda artıq anadangəlmə xüsusiyyətə çevrilməyə başlayırdı. Güclü əzələləri böyük sümüklər saxlayır. Beləliklə, bir neçə nəsil davam edən fəhlə ailəsinin uşaqları artıq böyük çənə ilə doğulurdular. Darvin yazırdı ki, bu, o qədər aşkar idi ki, çənəsi böyük olanların fəhlə nəslindən, çənəsi incə olanların isə zadəgan nəslindən olduğu hesab olunurdu.
İndi xeyli adam möhkəm ola bilmir, ədalətsiz hesab etdiyi bir şey baş verəndə, nə edəcəyini bilmir. Müqavimət göstərməyə cəsarəti çatmır, dərd də çəkmək istəmir, axı bu da möhkəmlik tələb edir. O zaman keçir ədalətsizliyə haqq qazandırmaq yoluna. O da əclaflıq edir, bir bəhanə tapıb buna haqq qazandırır.
Azərbaycanda ən çox yayılan bəhanə “balalarım var” bəhanəsidir. İnsan özü-özünü inandırır ki, balaları varsa, hər əclaflığı edə bilər, çünki öz şəxsiyyəti övladlarının taleyindən daha əhəmiyyətsizdir. Bu, yalandır, çünki uşağa nümunə olan insanın alçalması uşağın taleyini daha çox həll edir, nəinki onun bir qarın ac – bir qarın tox yaşaması.
Növbəti mərhələ bunun yalan olmadığını özünə təlqinetmə mərhələsidir. Axı yalan dediyini qəbul edib yaşamaq rahat deyil. İnsan isə azadlıqdan daha çox rahatlılğa (xoşbəxtliyə) can atır. Bir müddət sonra artıq özü də öz yalanına inanır və övladına bunu həqiqət kimi təlqin edir. Beləliklə, o uşaq ən çox inandığı adamın sözlərinə dərhal inanır, bu sözlərin cəmiyyətdə işlədiyini görür. Sadəcə dərk etmir ki, cəmiyyətdə işləyən hər şey həqiqət deyil. Və beləcə nəsillər davam edir. Fəhlələrin çənəsi kimi onların da şəxsiyyətinin bir hissəsi deformasiya olunur, nəsildən-nəsilə ötürülən xarakter halını alır.
Möhkəm olmaq lazımdır. Ədalətsizliyi tətbiq edərək, öz fitrətinin əleyhinə gedəcək qədər həddən artıq möhkəm yox, sadəcə ədalətsiz tərəfə keçməyəcək qədər bir az möhkəm. Xüsusi xidmət orqanlarında gətirilən hər kəsi zorlamağa hazır insanlar var. Bu nə psixologiyadır, bunu heç cür anlamıram. Amma o adamların nə əziyyətlər çəkdiyi aydındır. Məsələ fiziki əziyyətdə deyil, başqasına iyrənc işgəncə verərək, buna necə haqq qazandırmaq olur?!
Bunun üçün nə bəhanələr uydurulur, o yalanların həqiqət olduğuna özlərini inandırmaq üçün nə zülmlər çəkilir. Mən bizə hökm verən hakimin “danışılan hər şeyin protokola yazıldığına” necə qızğınlıqla and içdiyi barədə eşidəndə anladım ki, onlar fitrətlərindəki ədalətlə, vicdanla necə ağır, ayıb, əziyyətli mübarizə aparırlar. Bir nəzarətsiz yer görüb – məhkəmə iclas protokolları və bütün vicdanını bu balaca dəliyə yönəldib. Axın böyük, dəlik kiçik – əlbəttə, emosiyaların təzyiqi çox olacaq.
Ədalətsizlik qabağında təslim olmaq insanı valideyn hüququndan məhrum etməlidir deyə düşünürəm. Balalar acından ölməyəcək, amma ləyaqətsizlikdən ölə bilərlər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.