Balakənin sabiq icra başçısı rüşvət və mənimsəmədə günahlandırılır

Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev – Foto: DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu il oktyabrın 30-da həbs edilən keçmiş Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayevlə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İslam Rzayevin icra başçısı olduğu dövrdə (2011-2025) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsində işsiz və aztəminatlı insanlara, eləcə də rayonda təmir, tikinti və abadlıq işləri üçün ayrılan pulları mənimsəyib, həmçinin vəzifəli şəxslərdən və iş adamlarından rüşvət aldığı müəyyən edilib.

“İslam Rzayev saxlanılaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilir.

Qarşı tərəfin iddialara münasibəti məlum deyil.

Həmin ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

İslam Rzayev oktyabrın 30-da Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.   Elə həmin gün DTX-nın icra hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılıb.

Azərbaycanda icra başçılarının həbsi əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər.  Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib. Daha sonra onların bəziləri həbsdən azad olunublar. 

Ana səhifəSiyasətBalakənin sabiq icra başçısı rüşvət və mənimsəmədə günahlandırılır