“Cəmiyyətimiz velosipedi qəbul etməyə hazır olsa da, şəhərimiz buna hazır deyil”
Bakıda velosiped yolları olmadığından velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlər çətinlik çəkir. Avtomobillərin yoluna şərik çıxırlar. Bunu da hər sürücü normal qarşılamır. Şəhərdə velosiped sürməyin çətinliklərindən bu dəfə qadınlar danışır.
Yollarını bizimlə paylaşmaq istəmirlər
Velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edən 24 yaşlı Səhər Mehman deyir ki, şəhərdə velosiped sürməyə ən çox əngəl yaradan taksi sürücüləridir:
“Daha çox pul qazanmaq istədiklərindən daim harasa tələsirlər. Onlar yolda gedən maşınlara hirslənirlər, qaldı velosiped ola. Yollarını paylaşmaq istəmirlər, çox dözümsüzdürlər. Odur ki, yolda gedən velosipedə qarşı kobudluq edirlər. Bu azmış kimi, velosipedçini sıxışdırıb, yoldan çıxarmağa çalışırlar”.
Yolda olmaz, səkidə imkan vermirlər, bəs harada olar?
Səhər deyir ki, hətta bir dəfə taksi sürücüsü maşını onun üstünə də sürüb: “Həmin günü çox qorxmuşdum. Tək problem bu deyil. Deyək ki, səki ilə getmək istədim. Bu zaman da taksilər problem yaradır. Səkiyə çıxmaq üçün qoyulan pandusların qarşısında park edirlər. Nəticədə, velosipedçi bu hüququndan da məhrum olur. Yolda olmaz, səkidə imkan vermirlər, bəs harda olar? Bakıda velosiped sürmək çox çətindir. Bunu bacaranlar isə qəhrəmandır”.
Velosipedçilər daimi təhlükədədir
Cəlalə Osmanlı da velosipedçidir. Özü də velosipedi tək sürmür. Qızı Eliflə birgə pedallayır. Deyir, Bakıda velosiped sürmək əvvəlki illərə baxanda asanlaşıb. Amma hər mənada yox. Yol baxımından problemlər yenə qalır:
“Nə qədər ki, velosiped üçün xüsusi zolaqlar yoxdur, velosipedçilər daim təhlükədədir. Düzələn odur ki, əvvəllər kənardakıların qınayıcı nəzərlərini hiss edirdim. İndi alışıblar. Velosipedi uşaq oyuncağı kimi yox, nəqliyyat vasitəsi kimi qəbul etməyə başlayıblar. Düzdür, hələ də bəzi insanlardan “işin-gücün yoxdur?” kimi kəlimələr eşidirik. Ancaq, bu, çox nadir hallarda olur”.
Əlverişsiz velosiped yolu
Bakıda velosipedçilər üçün xüsusi yollar yoxdur. “Eurovision” ərəfəsində Yeni Bulvar ərazisində uzunluğu 2 km-ə yaxın olan velosiped yolu çəkildi. Bundan sonra köhnə bulvar ərazisində velosiped sürməyə qadağa qoyuldu. Velosipedçilər həmin yolun standartlara uyğun olmadığını, döşəmənin sürüşkən və piyadalara açıq olduğunu deyirlər. Buna görə də həmin yolu velosiped sürmək üçün təhlükəli hesab edirlər.
Cəlalə deyir ki, velosipedi həm sağlamlığı, həm də zövq aldığı üçün sürür. Nəqliyyat vasitəsi kimi tıxaclarda çox işinə yarayır:
“Əvvəllər velosipeddən problemsiz nəqliyyat vasitəsi kimi istifadə edə bilirdim. Velosiped zolaqlarının olmaması buna əngəl deyildi. Ancaq indi alınmır. Qızımla bərabər pedallamaq istənilən halda böyük məsuliyyətdir. Bir az da riskli. Odur ki, Eliflə evimdən dənizkənarı bulvara kimi gedib, orada pedallamaqla kifayətlənirəm. İndiki halda velosipedin mənim üçün nəqliyyat vasitəsinə çevrilməsi velosiped zolaqlarının olmasından asılıdır. Cəmiyyətimiz velosipedi qəbul etməyə hazır olsa da, şəhərimiz buna hazır deyil”.
Avtomobil sürücüləri bizə, biz isə onlara çətinlik yaradırıq
26 yaşlı Mirvari Yolçuyeva da velosipedi gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir. Deyir, 4 ildir ki, velosipedi həm əyləncə, həm də yaxın məsafələrdə nəqliyyat vasitəsi kimi istifadə edir: “Şəhər mərkəzinə yaxın yaşadığımdan uzaq məsafələrə sürməyə ehtiyac olmur. Fikrimcə, Bakıda velosiped sürməyi çətinləşdirən velosiped yollarının olmamasıdır. Buna görə də avtomobil sürücüləri bizə, biz isə onlara çətinlik yaradırıq”.
Velosiped sürmək mənə stressiz saatlar, sağlam bədən və ruh verir
Mirvari deyir ki, velosiped sürdüyü 4 il ərzində ətrafdan ancaq xoş, müsbət reaksiya, fikir və təəccüblə rastlaşıb: “Velosipeddən istifadə etməyə başladığım ilk zamanlarda məqsədim dostlarıma qoşulmaq, onlarla birgə sürmək idi. Sonradan gündəlik nəqliyyatıma çevrildi. Bundan əlavə, velosiped sürmək mənə stressiz saatlar, sağlam bədən və ruh, bir də gülər üz verir”.
Mirvari də şəhərdə velosiped yollarının olmasını istəyir. Deyir, belə olsa, daha ürəkli və rahat olar.
”Azəryolservis” Açıq Səhimdar Cəmiyyətinin 2015-ci ildə verdiyi açıqlamaya görə, Bakıda gələcəkdə velosiped yolları salınmasına dair planları var. Yeni yollarda velosiped zolağının eni 1 metr olacaq. Velosipedçilərin yolda hərəkəti barədə də məlumatlar yer alacaq. Avropa oyunlar zolağında olduğu kimi bura da avtomobillərin girişi qadağan ediləcək. Velosiped zolağı salındıqdan sonra onların təhlükəsiz hərəkəti yol polisləri tərəfindən tənzimlənəcək.