Bakının “qul bazarı”

“İş yerləri olsaydı, bizim burda nə işimiz vardı?”

Source:


“İş yerləri olsaydı, bizim burda nə işimiz vardı?”

… Əslində yoldan keçirdim.  3-cü mikrorayon dairəsindəki körpünün altında üç-üç, beş-beş dayanmış adamlar və yol kənarına düzülmüş fəhlə avdanlıqları diqqətimi çəkdi.  Onların iş üçün dayandıqlarını anlamaq olurdu.

Getdiyim yerdən dönəndə artıq günorta saat 2 idi.  Həmin körpünün altındakı  dayanacaqda düşüb, müşahidə aparmağa başladım.  Körpü altında dayanan adamlar bir qədər seyrəlmişdi.  Düşündüm ki, yəqin bu bir neçə saatda iş tapıb gediblər.  Yavaş- yavaş onlar tərəfə yaxınlaşmağa başladım. Bir kənarda sakit dayanıb müşahidələrimi davam edirdim ki, yaxınlıqdan  qəfil gələn səs məni fikirlərimdən ayırdı:

–          Qardaşoğlu, işçi lazımdır? Torpaq belləmək, yer təmizləmək lazımdırsa, mən gedə bilərəm.

50-60 yaşlarında bir kişi idi. “Yox, jurnalistəm, gəlmişəm reportaj hazırlayım” – dedim. Kişi narazı halda ayrılıb topa şəklində dayanmış yoldaşlarının yanına getdi. Heç bir neçə saniyə keçməmiş həmin adamların hamısı mənə doğru gəlməyə başladılar. Çox keçmədi ətrafıma 25-30 nəfər toplaşdı. Hərə bir tərəfdən qışqırırdı: malyar, santexnika, svarka, fəhlə, həyət-baca təmizləmək…  Jurnalist olduğumu söyləyəndə hamı bir anlıq susdu.

–          Niyə burda toplaşmısız?

–          Iş gözləyirik?

Cavab verən Şamaxıdan gəlmiş 3 uşaq atası, 30-35 yaşlarında olan Samir adlı  şəxsdir. Santexnika işlərini bacarır. Elə onunla söhbətə başladıq.

–          Niyə başqa yerdə işləmirsiz ki?

–          Hökumət işi yoxdur. Fabrik, zavod yoxdur. İş yerləri olsaydı, bizim burda nə işimiz vardı?

–          İş üçün harasa müracət etmisiniz?

–          İş üçün müraciət etsək də, xeyri yoxdur. İş var ki?

Haradan gəldiklərini soruşuram. Məlum olur ki, fəhlələr arasında bütün bölgələrdən olanlar var. Bakıdan, Sumqayıtdan, Tovuzdan, Ağsudan, Şamaxıdan …


“Hər yerdə zavodlar bağlanıb. Məcburuq çörək pulu üçün bura üz tutaq”

Bunu Tovuzdan iş üçün gəlmiş, elektrik ustası Məhəmməd deyir.  Onun sözlərinə görə, iş üçün müraciət etdiyi yerlərdə adətən aldadılırlar: “ Müqaviləsiz, filansız işə götürüb sonra da pulumuzu vermirlər. Tapdığımız işlərdə də bizi aldadırlar. Pulumuzu vermirlər. “Bu ay yox, gələn ay verərik” – deyirlər. Əksəriyyəti fırıldaqçılardır. Aylıq iş danışırsan, birinci ay yox, ikinci ayın pulunu verirlər. Birinci ayın pulunu girov kimi saxlayırlar“.

Bu vaxt kimsə kənardan yaxınlaşıb ağsaqqal kimi məsləhət verir. Deyir ki, belə topalaşmayın, bu dəqiqə gələcəklər. Söhbətin kimdən getdiyini soruşuram. Məlum olur ki, polislər burda dayananlara göz verib, işıq vermirlər.  Məhəmməd yanında dayanan 65 -70 yaşlarındakı kişini göstərib deyir:

“Bu adam gəlib bura iş axtarır.  Çörəkpulu tapmır. Yarım saat əvvəl bu adamı 100 manat cərimə ediblər”.


“ Bizi burda dayanmağa qoymurlar”

Özlərinin dediyinə görə, fəhlələr arasında ali təhsilliləri də var. İt tapa bilmədiklərindən burdadırlar.

“Hər gün kimi burda tuturlarsa, aparıb 81 manat cərimə edirlər. Cərimə də gedir yaşadığımız rayona, ünvana, oturduğumuz yerdə deyirlər,  filan qədər cərimə kağızı gəlib. Deyirik, biz neynirik, oğurluq edirik, yol kəsirik?  Çörək pulu qazanırıq də”.

Fəhlələrin dediyinə görə, məndən yarım saat əvvəl polislər ərazidə imiş.  Adamlar arasındaki seyrəklik də düşündüyüm kimi, iş tapdıqları üçün deyil, polislərdən qaçıb gizləndikləri üçün yaranıbmış.  Fəhlələrdən nə qədər qazandıqlarını soruşuram.  Ağsudan gəlmiş Fazil adlı gənc cavab verir:

“Gündəlik qazancımız 10, 15, 20 manat. Elə vaxt olur aylarla iş olmur. İndi gündəlik heç 5 manatlıq iş yoxdur. Bəzən günlərlə pulsuz, ac-susuz qalırıq. Konkret iş yoxdur. İş gəlmir bu tərəfə. Demək olar, günümüzü keçiririk”.

Məhəmməd Fazilin dediyini təsdiqləyir:

“Bax, nahar vaxtıdır. Hamı gedib nahara. İndi burda dayanan uşaqların cibində 2 manatı yoxdur ki, gedib yemək yesin”.

Ərazi “qul bazarı” adlanır. Bu ifadənin onların xətrinə dəyib-dəyməməsi ilə maraqlanıram. Söhbətə başladığımız  Samir  deyir: “Biz halal, zəhmətimizlə pul qazanmaq üçün bura toplaşmışıq. Başqalarının nə deməsinin bizim üçün fərqi yoxdur”.

Ayrılıb fotolar çəkməyə başlayıram. Xahiş edirlər, elə çəkim ki, üzləri düşməsin. Utandıqları üçün deyil, polislərdən qorunmaq üçün…

Ana səhifəXəbərlərBakının “qul bazarı”