”Bina tikintisi zamanı normalara tam əməl olunmayıb”
Bakıda, Nəsimi rayonu, Səməd Vurğun küçəsində oktyabrın 17-də sürüşmə baş verib.
İlkin məlumatda sürüşmənin ərazidə bina tikintisi ilə bağlı olduğu qeyd olunur.
Binanı inşa edən “Pilot İnşaat-A” MMC-nin icraçı direktoru Nuran Həsənzadə ”
Report
” saytına deyib ki, inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb:
“Biz düşünürük ki, piyada səkinin sürüşməsinə səbəb yağış sularıdır. Yəni yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur”.
Ancaq Avtomobil Yollarının Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sürüşməyə səbəb tikinti aparılan ərazidə istinad divarının olmamasıdır.
O deyib ki, uzunluğu 60, eni isə 3 metr olan sürüşən hissənin fəsadları aradan qaldırılır:
“Sürüşmə baş verən ərazinin yaxınlığında tikinti işləri aparılır. Orada tikinti normalarına tam əməl olunmadığından, yəni yolla bina arasında istinad divarı inşa edilmədiyindən bu cür hadisə baş verib. Yolun dayanıqlığı olmadığından yağış yağan zaman sürüşmə baş verib. Burada hər şey göz qabağındadır”.
Anar Nəcəfli söyləyib ki, hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir, bu məbləğ tikintini aparan şirkət tərəfindən ödəniləcək.