Lökbatan sakinləri deyir ki, bəzi məhəllələrin kanalizasiya xətti də yoxdur
“Yay gələndən suyu iki-üç həftə fasilələrlə, 1-2 saatlığına verirlər. Evdə qab qalmayıb, hamısını doldururuq ki, heç olmasa, içməyə su tapaq. Hər dəfə bir bəhanə edirlər, əgər qəza baş verirsə, niyə kütləvi etirazlardan dərhal sonra su gəlir?”.
Bunu Meydan TV-yə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivin sakinləri bildiriblər. Sakinlərdən Etibar Əliyev deyib ki, evində körpə nəvələri var, 5 tonluq çən iki həftəyə çatmır.
“Bir maşın su 50 manata başa gəlir. Yaşadığımız məhəllənin yolları bərbad gündədir, maşın yuxarı qalxmır, əlavə 5-10 manat da istəyirlər. Yaşlılar, evində xəstəsi olanlar neyləsinlər?”.
İkinci yaşayış massivi, 6-cı döngədə son bir neçə ildə evlərin sayı sürətlə artıb. Su problemindən əlavə, məhəllələrin kanalizasiya xətti də yoxdur. Sakinlər deyirlər ki, bu məhəllələrdə yalnız aztəminatlı ailələr yaşayırlar, çoxu günəmuzd işlərlə dolanır. Həm gəlməyən suyun pulunu ödəməyə, həm də su almağa gücləri çatmır.
Sakinlərdən biri isə deyib ki, dəfələrlə zənglərdən sonra toplaşaraq idarəyə gələcəklərini deyirlər. Görünür, hələ bu hədə işə yarayır, az keçmir ki, 1 saatlıq da olsa su gəlir.
Binəqədi rayonunun 2-ci mədən, 93-cü korpus, Nardaran qəsəbəsi Lahic bağları, Şüvəlan qəsəbəsi, Şüvəlan bağları massivi, Türkan qəsəbəsinin sakinləri də yay gələndən günlərlə su üzünə həsrət qalmalarından şikayətçidirlər.
“Azərsu” Səhmdar Cəmiyyətinin “qaynar xətt” xidmətindən Meydan TV-yə bildiriblər ki, Lökbatan qəsəbəsinə su verilib. Bakıətrafı kənd və qəsəbələrdə su fasilələrlə verilir, amma bu fasilə çox çəkmir.
Qurumun mətbuat xidmətindən isə suallara cavab verilməyib.