63 yaşlı Məfurə İsmayılova Təcili Tibbi Yardım Stansiyasının yarımçıq tikilisində yaşayan 200 ailədən biridir. Ağdam rayonundan köçkün düşən qadın 20 ildir bu vəziyyətdə yaşayır. O, hər gün evinə gedən yolları zibillikdən və kanalizasiya sularından təmizləyir. Şəraitsizliyə görə ailə üzvləri də onun yanında qalmır.
Binanın dörd bir yanı açıqdır. Sakinlər deyir ki, külək bir az bərk əsəndə bina silkələnir.
Binanın sakinlərinin yarısı köçürülüb və onların yaşadığı evlər də uçurulub ki, əlavə heç kim yerləşməsin. 200 ailə qəzalı binadan nə vaxt köçürüləcəklərini bilmirlər. Onlar binada bir neçə dəfə yanğının olduğunu və güclə söndürülüdüyünü deyirlər. Amma belə getsə, Xırdalanda baş verən partlayışın burada da təkrarlanacağını vurğulayırlar.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda göstərilib ki, Bakı, Sumqayıt, digər şəhər və rayonlarda yataqxana, ictimai bina, sanatoriya, sağlamlıq düşərgələri, tikintisi yarımçıq qalmış binalarda mövcud vəziyyət yerli icra hakimiyyəti orqanları ilə birlikdə öyrənilsin və onların infrastrukturu yaxşılaşdırılsın. Proqramda göstərilənlər 2004-2005-ci illərdə yerinə yetirilməli idi. Amma bu illər ərzində binada təmir aparılmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov dövlət proqramının niyə yerinə yetirilmədiyini və sakinlərin nə vaxt binadan köçürüləcəyindən xəbərsiz olduğunu deyir.
Məfurə xanım üzərlik sataraq yarımçıq tikilinin zirzəmisində çörəyini qazanır. Amma yaşadığı yer heç də göz dəyiləsi deyil…