Bakıda məcburi köçkünlərin “evləri” çökür (VİDEO)

 “Üst pilləkəni düşdüm, aşağı pilləkəndə gördüm yuxarıdan betonlar tökülür. İki pilləkən qalmışdı düşəm, töküldü üstümə”.

Ağdamdan köçkün düşən 75 yaşlı Məhruzə Məmmədova 22 ildir məskunlaşdırıldığı binanın qəzalı vəziyyətdə olmasından narazılıq edir. Respublikanın işğal altında olan müxtəlif ərazilərindən məcburi köçkün düşən 400 nəfərin yaşadığı bu yer  Mərdəkan qəsəbəsindəki energetika pansionatı kimi tanınır. 14 aprel tarixində binanın birinci mərtəbəsindəki çökmə ilə bağlı məlumat vermişdik. Orda yaşayan 25 nəfər sakinin Mehdabada köçürülməsindən sonra binada qəzalı vəziyyət artıb. Sakinlər deyir ki, buna səbəb köçürülən ailələrin binasının FHN tərəfindən buldozerlə dağıdılması nəticəsində digər iki binalarda çatların artmasıdır:

 “O binanın sakinlərinin köçürdülməsinin səhəri günü buldozer gətirildi, buralar uçuruldu. Buldozer binanı çatlatdıqdan sonra içəriyə doğru dağılamalar artdı.Dükana getmişdim. Yuxarıdakı betonlar üstümə töküldü. Mən olmayaydım uşaqlar olardı. Onların günahı nədir?”,-deyə, Məhruzə Məmmədova bildirir.

140 ailənin qeydiyyatda olduğu bu binalara 22 il əvvəl FHN-tərəfindən baxış olub və bildirilib ki bina qəzalıdır. Başqa bir məcburi köçkün Bəxşiş Allahverdiyev deyir ki, bədbəxt hadisə olmasa onlarla heç kim maraqlanmır.

“20 ildir kanalizasiya binanın zirzəmisinə axıdılır. FHN, İcra Hakimiyyəti və digər qurumlardan gəliblər və yazıblar ki bina qəzalıdır. Dənizə tərəf əilib.Bina uçur”.

 “Mən təhlükə altında yaşayıram. Bunu çəkin verin bütün dünya görsün. Bezmişik”,-deyərək narazılığını bildirən Cəmilə Hüseynova əlavə edir.

Binaya daxil olanda adamı ilk qarşılayan üfunət iyi olur. Nərdivanların əsməsi isə burada yaşamağın həm təhlükəli, həm də zərərli olduğundan xəbər verir. Amma adiyyatı qurumlar tərəfindən hələ də bir nəticə yoxdur. Vüsalə Musrafayeva deyir ki, bütün kanalizasiyaların hamısı zirzəmiyə tökülməsi nəticəsində küləkli havada  dəhlizlərdən keçmək mümkün olmur. Hamısından iyi-qoxu üfunət iyisi gəlir. Nəmişliyi də bir tərəfdən:

 “Buranın probleminə görə üç dəfə əməliyat olunmuşam. Biz burda dənizdən su gətirib evimizin kanalizasiyasına tökürük. Xəstə uşağım var buranın havasını götürə bilmirik. Qohumum liftdə yaşayır. Liftdən düşən dəmir nəticəsində iki barmağı yoxudr indi”.

Sakinlərin burdan köçürülüb-köçürməyəcəyinə gəlincə, Ağdam Rayon İcra Hakimiyyətinin müavini Qabil Nağıyev bildirdi ki, bu məsələ ilə “Qaçqınkom” məşğul olur:

Köçkünlərin bu ərazilərdən köçürülməsi ilə bağlı yaranan digər suallara isə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən cavab verən tapılmadı. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov tədbirlərin çoxluğunu əsas gətirərək sualları cavablandırmaqdan yayındı.

Ana səhifəVideoBakıda məcburi köçkünlərin “evləri” çökür (VİDEO)