Bakıda bir ilə mənzil bazarında 50 faizlik artım


Son iki ayda isə bahalaşma daha da sürətlənərək 10 faizə çatıb. Bununla belə mənzil bazarında satışda durğunluq yaşanır.

Bakıda ev alıq-satqısı ofislərindən birində çalışan İlham Abdullayev Meydan TV-yə müsahibəsində bildirib ki, mənzil bazarında son bir ildə 50 faizdən çox artım olub. Onun sözlərinə görə, bir il öncə şəhərin mərkəzə yaxın ərazilərindən 70-75 min ABŞ dollarına üç otaqlı mənzil almaq olurdusa, indi bu qiymətə yalnız bir otaqlı mənzil tapmaq mümkündür. Son iki ayda bu artım daha da sürətlənərək 10 faizə çatıb:

“İndi qiymətlər bir otaqlı evlər üçün 70 -75 min dollar, iki otaqlılar 95-100 min, üç otaqlılar isə 120-150 min dollar arasında dəyişir. Son iki ay bundan əvvəlki qiymətlərlə indiki qiymətlər arasında, təxminən 10 faiz, 7-8 min dollar arasında artım var. Ayba-ay artım hiss olunur. Bu ilki qədər evlərin qiyməti qalxmamışdı. Keçən illərə baxanda ən sürətlə qiymətlər artan il bu il olub”.

Müsahib bildiri ki, qiymətlərdə artım tək “Sovetski” məhəlləsindəki söküntülərlə bağlı deyil və bu tendensiya bir ildir ki, başlayıb. Onun sözlərinə görə, artım alıcı sayı yüksələndə baş verməli olsa da, bu proses əks istiqamətdə gedir. Mənzillərin satışında xeyli zəifləmə var.

İlham Abdullayev deyir ki, “Sovetsi” sakinləri də köçməyə və yeni mənzillər almağa tələsmir:

“Hələ ki, “Sovetski”dən kimsə gəlib mərkəzdə olan evlərlə maraqlanmayıb. Elə görünür ki, onlara mərkəzdən ev almaq çətin olacaq”.

Paytaxtda kirayə mənzillərin qiyməti də ucuz deyil və burada da bir ildə bahalaşma 50 faizədək artıb:

“Bu gün bir otaqlı evlər üçün kirayə 250-300 manat arası dəyişir. İki otaqlı evlər üçün bu qiymət 300-500 manat arasındadır. Təxminən 500 manatdan yuxarı olanlar isə 3 otaq və daha artıq otaq sayı olan evlərdir. Sovet vaxtında tikilmiş və yeni göydələnlərdəki evlərin qiymətləri arasında da yüksək fərq olur” –deyə, İlham Abdullayev bildirdi.

Ana səhifəVideoBakıda bir ilə mənzil bazarında 50 faizlik artım