Bakı və Yerevan bir-birini üçtərəfli bəyanatı pozmaqda günahlandırır

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Paşinyan dəhlizdəki buraxılış məntəqəsini qəbul etmir, Əliyev suveren hüquq sayır

Azərbaycan və Ermənistan rəhbərliyi Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurulmasına fərqli yanaşır.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin aprelin 27-də keçirilən iclasında deyib ki, Laçın dəhlizinə Rusiyadan başqa heç kim nəzarət etməməlidir.

Onun sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri Laçın dəhlizində nəzarəti həyata keçirməli və bununla da dəhlizin normal fəaliyyəti təmin edilməlidir.

Baş nazir bildirib ki, Azərbaycan dəhliz boyu sərbəst hərəkətə mane ola bilməz.

O hesab edir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat da məhz bunu nəzərdə tutur.

Paşinyan Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirilməsini üçtərəfli bəyanatın 6-cı bəndinin kobud pozuntusu kimi qiymətləndirib.

Baş nazir bildirib ki, Azərbaycan bu dəfə Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsi yerləşdirməklə regionda vəziyyəti gərginləşdirir:

Nikol Paşinyan. Foto: Meydan TV

“Əgər indiyə qədər Laçın dəhlizi saxta “ekoloji aksiya” bəhanəsi ilə bağlanırdısa, indi artıq Azərbaycan tərəfindən rəsmən bağlanıb. Bu, təkcə regionda gərginliyin artırılmasına deyil, həm də Dağlıq Qarabağda yaranmış humanitar böhranın dərinləşməsinə yönəlmiş təxribatçı addımdır”.

O əlavə edib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Stepanakertlə (Xankəndi) Bakı arasında beynəlxalq format çərçivəsində danışıqların mövzusu olmalıdır.

Bəs Azərbaycanın mövqeyi necədir?

Aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanı ittiham edib.

O deyib ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir:

Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirirdi”.

Foto: president.az

İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına da toxunub.

O bunu Azərbaycanın suveren hüququ və ərazi bütövlüyünün təmin olunmasının ifadəsi kimi qiymətləndirib.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

Foto: DSX

“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın sülh prosesinə mane ola biləcəyini ehtimal edib.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətBakı və Yerevan bir-birini üçtərəfli bəyanatı pozmaqda günahlandırır