Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır (yenilənib)

Atəşkəsin pozulması. Foto: Meydan TV

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ordusunu təxribat törətməkdə ittiham edən bəyanat yayıb.

Bildirilir ki, Azərbaycan ordusunun onlarla hərbi texnikanın hərəkəti zamanı sərhədin çoxsaylı hissələrinə fərq qoymadan atəş açması açıq-aşkar təxribat məqsədi daşıyır.

Nazirlik Ermənistanın regionda vəziyyətin gərginləşməsində maraqlı olmadığını deyib. Eyni zamanda, Azərbaycanı vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətlərini dayandırmağa çağırıb:

“Biz Azərbaycanın Ermənistanın suveren ərazisində müdafiə strukturlarının yaradılması ilə bağlı qiymətləndirmələrini də əsassız hesab edirik, çünki ordu infrastrukturunda islahatların aparılması hər bir ölkənin suveren hüququdur. Ermənistan sülh gündəliyinə sadiqdir, eləcə də iki ölkə arasında sərhədə bitişik ərazilərin qarşılıqlı silah nəzarəti və demilitarizasiya mexanizmlərinin yaradılması ilə bağlı Azərbaycana təklifimizi rəsmən təsdiq edirik”.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi Yerevanın bəyanatını qəbuledilməz sayır.

Rəsmi Bakı hesab edir ki, Ermənistan XİN-in səsləndirdiyi iddiaların heç bir əsası yoxdur:

“Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistandan hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsi qeyri-legitimdir və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır. Belə ki, Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir”.

“Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”, –deyə Azərbaycan XİN əlavə edib.

XİN. Foto: Wikipedia


Azərbaycan Ermənistanın gərginlik yaratdığını, qarşı tərəf əksini deyir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunu aprelin 5-də saat 15:10-dan 17:35-dək və 21:55-dən 23:20-dək atəşkəsi pozmaqda ittiham edib.

Nazirlik bildirib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Tovuzun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəyin Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər:

“Ancaq ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub”.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələrindən Tovuzun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur kəndlərinin müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulduğunu da bildirib.

Ötən sutkada Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub”, – deyə nazirlik əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

Bildirib ki, Azərbaycan təbliğat maşını bir gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin adi növbə dəyişməsini guya cəbhə xəttində yığılma kimi təqdim etməyə çalışaraq yalan məlumat yayıb.

Nazirlik aprelin 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin sərhəd zonasının bir sıra istiqamətlərində atəşkəsi pozduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan silahlı qüvvələrinin gecə saatlarında açdığı atəşlərin böyük əksəriyyəti hədəfsiz və qeyri-bərabər olub:

Həmçinin saat 21:00-dan 23:00-dək İşxanəsər istiqamətində Azərbaycan silahlı qüvvələrinə məxsus texnikanın aktiv hərəkəti müşahidə edilib. Ermənistan Silahlı Qüvvələri vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq addımlar atmayıb, bundan sonra sərhəddə sakitlik yaranıb”.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətBakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır (yenilənib)