Bakı Vaşinqton və Parisdən narazıdır

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatçılıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq”

Source:





ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatçılıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq”

Azərbaycan XİN ABŞ Dövlət Departamenti və Fransa XİN-in əsir Ermənistan vətəndaşı Karen Petrosyanın ölümü ilə bağlı tənqidini təkzib edib.

Bəyanatda bildirilir ki, Karen Petrosyan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Ermənistan-Azərbaycan sərhədi istiqamətindən Azərbaycan ərazisinə daxil olub: “Kəşfiyyat-diversiya qrupunun hücum və təxribatının qarşısı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən alınıb və qrupun tərkibində olan Karen Petrosyan əsir düşüb. Naməlum və qəfil şəraitdə keçinən Karen Petrosyanın ölümünün səbəbləri tibbi ekspertlər tərəfindən açıq və şəffaf şəkildə araşdırılıb və onun ölümü barəsində dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib”.

Azərbaycandan fərqli olaraq, Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəaları daimi olaraq kobud şəkildə pozur. “Ermənistan tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onlara dəhşətli işgəncələr verilməsi, mənəvi əzablar, onların amansız və insan ləyaqətini alçaldan rəftara məruz qoyulması, özünüöldürmə həddinə çatdırılması, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi kimi dəhşətli əməllər törədilib” – deyə bəyanatda bildirilir.

XİN xüsusən, Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən xüsusi qəddarlıqla işgəncələrə və alçaldıcı rəftara məruz qalmasını, Həsən Həsənovun isə qətlə yetirilməsini, habelə Ermənistan Silahlı Qüvvələrinin 31 iyul – 1 avqust tarixində qorxaq və alçaqcasına törətdiyi terror-təxribat əməlini yada salır: “Bütün bunların müqabilində Ermənistanın Karen Petrosyanın işinin məqsədyönlü şəkildə şişirtməsi və ona siyasi don geyindirilməsi cəhdləri Ermənistanın törətdiyi vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır.”

“ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanın Ermənistanın bu kimi qeyri-insanı rəftarına, o cümlədən Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyinə, eləcə də 31 iyul-1 avqust tarixində Ermənistan tərəfindən törədilmiş terror-təxribat əməlinə biganə qalaraq, Ermənistan və radikal erməni diasporunun təbliğat maşınının təsiri altında verdikləri bu bəyanat anlaşılmaz və qəbuledilməzdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatçılıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq” – deyə bəyanatda vurğulanır.

Ana səhifəXəbərlərBakı Vaşinqton və Parisdən narazıdır