Lakin
Azərbaycan məmurları pullarını Qərb banklarında saxlayır
Hakimiyyət Rusiyanın şərtlərini qəbul etməyə başlayır. Dağlıq Qarabağa yerləşdiriləcək sülməramlılar adı ilə rus hərbiçiləri yenidən Azərbaycana qayıdarsa, bu, artıq rus işğalının başlanğıcı demək olacaq. Düzdür, hələ ki iqtidar sülhməramlıların tərkibində rus hərbiçilərinin 30 faizdən çox olacağına müqavimət göstərir. Lakin Moskva “7 rayonun qaytarılması” oyunu ilə Bakını tələyə salmaq və ilhaq etmək istəyir.
Hakimiyyət Vaşinqton-Moskva qarşıdurmasından məharətlə istifadə edir. Həm siyasi rəqiblərini zərərsizləşdirir, həm də ölkədəki korrupsiyanın miqyasını yüksəldir. Jurnalistlər, müxalifətçilər, gənc fəallar, hüquq müdafiəçiləri repressiyaya məruz qalır. Avropa dəyərlərini dəstəkləyən az qala hər bir şəxsin həbs təhlükəsi altında olması Rusiyapərəst siyasətçilərin fəallaşması ilə müşahidə olunur.
ABŞ və Rusiya arasında yaşanan “soyuq savaş” Azərbaycan hakimiyyətinə sanki vaxt qazandırr. İqtidar anlayır ki, Qərblə uzun müddətli savaş mümkün deyil. Rusiya təhlükəsi reallaşarsa, Bakının Qərbin dəstəyinə ehtiyacı olacaq. Lakin bu məsələdə Qərbin də mövqeyindən çox nəsnə asılı olacaq. Qərb təcili tədbirlər görməlidir. Əks təqdirdə, hakimiyyət demokratik təsisatların son adacıqlarını da məhv edə bilər.
Hakimiyyət ideoloqları hesab edirlər ki, yaranmış vəziyyətdə Qərb Azərbaycana “daha çox demokratiya” tələbində bulunmayacaq. Digər tərəfdən, Qərb siyasi dairələri Azərbaycanın Rusiyaya doğru əməli addımlar ata biləcəyindən ehtiyat edirlər. Odur ki, rəsmi Bakı bundan istifadə edir və demokratiyanı daha çox boğur.
Ən maraqlısı isə odur ki, son vaxtlar hakimiyyətin təqibinə məruz qalanların əksəriyyəti qərbyönümlü ictimai xadimlərdir. İki super güc arasındakı “soyuq savaş”dan istifadə edən rəsmi Bakı hakimiyyəti üçün təhlükə törədən qərbyönümlü ictimai və siyasi xadimləri zərərsizləşdirir. Azərbaycan hakimiyyəti Rusiyanın maraq və mənafelərinin təminatçısı qismində çıxış edir. Bu isə artıq müstəqillik ideyasının özünə təhlükə törədir.
İqtidar hesab edir ki, Kremlin əlində “demokratiya dəyənəyi” mövcud deyil. Bakı Kremlin tələblərinə boyun əyəcəyi təqdirdə, ölkədə istədiyi idarəetməni həyata keçirə bilər. Qərblə əməkdaşlıq isə cəmiyyətin demokratikləşməsini vacib edir. Bu baxımdan, iqtidar üçün Moskva daha cəlbedicidir. Lakin zəngin neft və qaz yataqları Qərblə əməkdaşlığı zəruri edir. Bu, böyük siyasətdən daha çox bir biznes marağıdır. Elə yalnız “enerji daşıyıcıları” amili Azərbaycan diplomatiyasının Qərbə üz tutacağını daha çox ehtimal etməyə əsas verir.
Rusiya heç bir halda etibarlı tərəfdaş deyil. Bu ölkə artıq xarici sərmayəçilər üçün də cəlbediciliyini itirib. Çinlə iqtisadi əməkdaşlıq Rusiyanın ucqarlarının Çinin təsirinə keçməsi ilə müşahidə edilir.
Rusiya kapitalı ölkədən çıxarılmağa, Rusiyadakı xarici kapital isə böyük həcmdə geri dönməyə başlaya bilər, rublun yaxın aylarda kifayət qədər sürətlə ucuzlaşması ehtimalı isə olduqca böyükdür. Təsadüfü deyil ki, Rusiyanın neft, qaz və metallurgiya şirkətləri artıq böhran içindədirlər.
Bu, hələ başlanğıcdır. Neft ucuzlaşmaqada davam edir.
Rusiyanın əsas gəlir mənbəyi olan neftin bir barelinin 30 dollara enməsi kifayət edir ki, Moskvanın başı özünə qarışsın.
Bu gün Kreml Azərbaycanı şantaj edir. Lakin unutmaq olmaz ki,
Rusiya elitasının 500 milyard dolları ABŞ banklarındadır, bu isə o deməkdir ki, Putinin ətrafı Qərblə əməkdaşlıqda maraqlıdır.
Bu tezis elə Azərbaycan məmurları üçün də keçərlidir. Azərbaycan məmurları da pullarını Qərb banklarında saxlayır, övladları Avropa yaşayır, ürəkləri isə Rusiya ilə döyünür. Məmurlar Qərbdən asılıdır. Təhlükəsizlikləri Qərblə əməkdaşlıqdadır. Anti-Qərb ritorikasıına baxmayaraq, məhz hakimiyyət mənsubları Avropa ilə əməkdaşlıqda maraqlıdırlar…