Bakı Moskvanın çətiri altına keçir

Sanki Azərbaycandakı prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər

Source:


Sanki Azərbaycandakı prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər

Azərbaycan diplomatiyası kəskin dönüşlər ərəfəsindədir. Ən azı belə bir görüntü mövcuddur. İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamə rəsmi Bakını özündən çıxarıb. İlk təpki  Prezident Administrasiyasının rəhbər müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan gəldi: ”Avropa İttifaqının bəzi strukturlarıyla birlikdə Avropa Şurası Parlament Assambleyası da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir, “biz nə istəyirik, o da olmalıdır” prinsipi əsasdır”. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. “İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər”, – deyə o qeyd edib.

N.Məmmədovun qənaətincə, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur. Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur. Belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər”, – N. Məmmədov bildirib.

Cənab Məmmədovun ardınca Azərbaycan XİN eyni ruhda olan bəyanat yayıb və AŞPA-nın sənədini “qərəzli və əsassız yanaşma” adlandırıb. “Avropa Şurası Azərbaycanın əleyhinə sənəd qəbul edib, cünki dinamik inkişaf edən müsəlman dövləti Avropanın xoşuna gəlmir. Bu, “Avropada geniş vüsət alan islamofobiyanın aydın təzahürüdür”, – XİN hesab edir.

“Azərbaycan dövləti onun milli maraqlarına cavab verən konstruktiv təkliflərə və tövsiyələrə hər zaman açıq olub. Müstəqil və suveren dövlətin daxili işlərinə müdaxilə, ona təzyiq və təhqir məqsədilə qəbul edilmiş istənilən sənəd qətiyyən məqbul deyil”, – sənəddə deyilir. XİN də Bakının Avropa Şurasını tərk edə biləcəyini vurğulayıb.

Beləliklə, Qərb Bakı ilə körpülərini yandırır. Azərbaycanın ümidi Rusiya ilə münasibətlərin qurulmasındadır. Belə vəziyyətdə, faktiki olaraq hamının etirazını göz önünə almaq və Rusiyaya doğru addımlamaq gələcək gərginlikdən xəbər verir.  Qərb Azərbaycandan islahatlar, Rusiya isə müstəqilliyin təslim olunmasını tələb edir. İslahatları həyata keçirməyə, narazı tərəflərin şərtlərini yumşaltmağa yönəlmiş addımlar atmağa, siyasi məhbus problemini həll etmək üçün  siyasi iradə lazımdır. Bakı belə bir iradə nümayiş etdirməyə hazır deyil.

Bu baxımdan, rəsmi Bakının davranışı çoxsaylı suallar doğurur. İqtidar daima

coğrafi şəraitindən yaraqlanaraq, “düşmən qonşular” əhatəsində yerləşdiyini Qərbə nümayiş etdirib və bunun dividentlərini qazanıb. Lakin bu gün Qərb Azərbaycanı arzuladığı Rusiyaya yola salır.

Maraqlı məqam ondan ibarətdir ki, yaranmış vəziyyətdə Azərbaycan hakimiyyətinin taleyi müəyyən mənada Kremldən asılıdır. Prosesləri Moskva idarə edir. Lakin Rusiya Qərbin enerji layihələrinin təminatçısı kimi çıxış edən Azərbaycan hakimiyyətini “bitirmək” istəsə, ikincinin rəsmi Bakıya dəstək verməkdən başqa yolu qalmır. Lakin əgər “Azərbaycan məsələsi”ndə tərəflər razılığa gəlsələr, vəziyyət daha da ağırlaşa bilər. Belə bir ehtimal isə heç də az deyil.

Kənar baxışla görünən odur ki, Azərbaycan Rusiyaya doğru seçim edib. Bu amil ölkədə qəribə situasiya  yaradıb. Sanki prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər. Əgər belədirsə, o təqdirdə ölkəni daha faciəli perspektiv gözləyə bilər.

Hakimiyyətin seçəcəyi yol hamını düşündürür. Sağlam məntiq və ölkənin gələcəyi Rusiyanın “beşinci kolon”unun təmizlənməsini zəruri edir. Rusiya öz təsir agenturasının dili ilə tələblərini açıqlayır – rus ordusu yenidən Azərbaycana qayıtmalıdır, Bakı enerji daşıyıcılarında Qərblə əməkdaşlığa son qoymalı, siyasi iradəsinin önəmli hissəsini “könüllü” şəkildə “böyük qardaşa” həvalə etməlidir. İrəvanda baş verən proseslər fonunda Moskva Cənubi Qafqazda əsas katalizator rolunu oynamaqda davam edir.

Əminliklə vurğulamaq  olar ki, Rusiya öz təhdidlərini bundan sonra da davam etdirəcək. Azərbaycanı tamamilə ram edə, bunun əvəzində bir neçə işğal olunmuş rayonu geri qaytara bilər. Bu təhdidlər rəsmi Bakını qərbyönümlü siyasi kursdan üz çevirməyə vadar etməyə yönələcək. Rusiya Azərbaycanı açıq şəkildə təhdid edir. Moskvanın şantajlarının artdığı bir vaxtda Azərbaycanın xarici siyasətində  baş verən dəyişikliklər nə dərəcədə məqbuldur?

Heç də təsadüfi hesab oluna bilməz ki, hakimiyyətdəki “beşinci kalon” tam hücuma keçib. Artıq onlar hakimiyyəti də Rusiyapərəst xətt yeritməyə vadar edirlər. İndiki xəttin qarşısı alınmasa, daha ağır fəsadlar törədə bilər. Ehtimal etmək olar ki, Avropa Oyunlarından sonra  Bakı açıq seçim edəcək – ya Rusiya, ya da Qərb. Bu seçimdən asılıq olaraq “beşinci kolon”un taleyi də həll ediləcək…

Ana səhifəXəbərlərBakı Moskvanın çətiri altına keçir