“Nəriman Nərimanov” və “Gənclik” metrostansiyaları təmir olunur
Avropa Oyunlarına 190 gün qalır. Bakı oyunları izləmək və iştirak etmək üçün ölkəyə gələcək qonaqlar üçün hazırlanır.
Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev mətbuata bildirib ki, «Nəriman Nərimanov» və «Gənclik» stansiyalarında təmir Avropa Oyunlarına hazırlıqla bağlıdır. Keçid və üst vestibüllərdə üzlüklər, döşəmə örtüyü, kommunikasiya xətləri də dəyişdiriləcək.
Paşayevin sözlərinə görə, işlər 3 aya başa çatmalıdır. O, bunun üçün büdcədən ayrılan vəsait həcmini açıqlamayıb.
“Turan” İA-yi bildirir ki, “metronun Nəriman Nərimanov» və «Gənclik» stansiyaları tam normal vəziyyətdədir və dünyanın başqa şəhərlərindəki stansiyalardan fərqlənmir. Azərbaycan hökuməti metronun keçidlərinin, perron və vestibüllərin üzlük və döşəmə örtüyündə mərmər və qranitdən istifadə edərək, on milyonlara pul xərcləyir. 2014-cü ildə «Bakı Metropoliteni» QSC-yə dövlət büdcəsindən 35 mln manat subsidiya ayrılıb. 2015-ci il üçün proqnoz 37,9 mln manatdır.