Sülh müqaviləsi üzrə 17 maddənin ikisi hələ də razılaşdırılmayıb
Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin 17 maddəsinin ikisi hələ də razılaşdırılmayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycanın sülh müqaviləsinin 15 maddəsi üzrə razılığa gəlindiyini bir daha diqqətə çatdırıb.
“Bu iki maddədən biri sərhədboyu üçüncü ölkələrin qoşunlarının yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlıdır. Qalan 15 maddə razılaşdırılıb”.
Paşinyan bildirib ki, Ermənistan hökuməti hazırda Bakının cavabını təhlil edir və buna daha sonra reaksiya verəcək. Ermənistan Xarici İşlər Nazirliyi də Bakının cavabı ilə bağlı əlavə məlumat verməyib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.