Prezident İlham Əliyev oktyabrın 16-da Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib ki, iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlər artıq keçmişdə qalıb.
Əliyev bu ayın əvvəlində Kopenhagendə Fransa prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq əlavə edib ki, hər iki ölkə arasındakı münasibətlərin yeni dövrü həm siyasi, həm ictimai, həm də iqtisadi sahələrdə – xüsusilə insan və biznes əlaqələri, mədəni-humanitar əməkdaşlıq istiqamətində – daha sıx əlaqələri nəzərdə tutur.
Fransa- Azərbaycan münasibətləri nə vaxt gərginləşib?
2020-ci ildən başlayaraq Azərbaycan və Fransa arasında müəyyən gərginlik müşahidə edilirdi. Azərbaycan Fransa hökumətini onunla Qarabağ məsələsi ilə bağlı uzun illərdir münaqişədə olan Ermənistanı himayə etməkdə, onu silahlandırmaqda günahlandırırdı. Fransa rəsmiləri isə Azərbaycan və Ermənistan məsələsində tərəf tutmaqları ilə bağlı iddiaları qəbul etmir, sadəcə, regionda sabitlik istədiklərini bildirirdilər.
Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşdiyi dövrdə Bakı, Yeni Kaledoniya məsələsini diqqət mərkəzinə gətirmişdi. Rəsmi Bakı Fransanı kolonial siyasətinə görə tənqid etmiş, Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə həmrəylik nümayiş etdirmişdi. Bununla yanaşı, Azərbaycan Fransanın “neokolonial siyasətini” qınayan bəyanatlar da yaymışdı.
Eyni zamanda Bakıda Fransanın siyasətinə qarşı bir sıra tədbirlər və beynəlxalq konfranslar keçirilmişdi. Bu tədbirlərdə əsas diqqət Yeni Kaledoniya, Martinika və Qvadelupa kimi Fransanın dənizaşırı ərazilərindəki müstəqillik tələblərinə yönəlmişdi. Rəsmi Bakı bu aksiyalarla Fransanı “kolonial irsini qorumaqda” ittiham edirdi, Paris isə bu təşəbbüsləri siyasi təxribat kimi qiymətləndirirdi.
Bununla belə, iki ölkə arasındakı iqtisadi əlaqələr tamamilə dayanmayıb və müəyyən dialoq platformaları saxlanılıb.
Yeni dövrün başlanğıcı…
İlham Əliyevin Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul etməsi və həmçinin də oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı Emmanuel Makronla görüşü münasibətlərin yeni dövrünün başlanğıcı kimi qiymətləndirilir.
Siyasi ekspertlər isə vurğulayırlar ki, Fransa Azərbaycana qarşı mövqeyində fundamental dəyişiklik etməyib. Sadəcə olaraq, Azərbaycan Rusiya ilə münasibətlərdə yaranan riskləri nəzərə alaraq, Qərblə əlaqələrini gücləndirməyə çalışır.
“Makronun mövqeyində ciddi dəyişiklik yoxdur”
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə bildirib ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdəki gərginlik müvəqqəti xarakter daşıyırdı. Hətta Fransanın az qala “düşmən” elan olunduğu dövrlərdə belə, iki ölkə arasında geniş iqtisadi əlaqələr davam edirdi:
“Sadəcə olaraq, bu gün həmin əlaqələrə geosiyasi maraqlar da əlavə olunub. Yəni məsələni Azərbaycan-Avropa Birliyi, Azərbaycan-Qərb münasibətləri kontekstində dəyərləndirmək lazımdır. Mən o vaxtlar deyirdim ki, Azərbaycan Qərblə bütün körpüləri yandırmaq fikrində deyil və bu vəziyyət əvvəl-axır normallaşacaq. Bundan sonrakı münasibətlərə gəlincə, bir məqamı nəzərə almaq lazımdır: Fransada erməni lobbisi hər zaman bizdən daha güclü olacaq və orada “ermənipərəst” siyasət həmişə üstünlük təşkil edəcək. Bu iki faktor var və olacaq”.
“Avropa İttifaqı insan hüquqları məsələsini ikinci plana keçirib”
Şərhçinin sözlərinə görə, əslində Fransa nə Azərbaycana qarşı münasibətində, nə də Ermənistana verdiyi dəstəkdə hər hansı əsaslı dəyişiklik edib:

“Makronun mövqeyində də ciddi dəyişiklik müşahidə olunmur. Bu səbəbdən düşünürəm ki, Azərbaycan-Fransa münasibətlərində ciddi bir dönüş gözləməyə dəyməz. Bu daha çox diplomatik ritorikadır. Fransa ilə münasibətlərin normallaşmasını, əslində, Azərbaycan-Qərb münasibətlərində dialoqun genişlənməsi kontekstində dəyərləndirmək lazımdır. Avropa İttifaqının hazırda region və Azərbaycanla bağlı prioritetləri müəyyən qədər dəyişib. Bu dəyişikliklər həm qısa, həm də orta müddətli perspektivdə müşahidə olunur və bunu nəzərə almaq vacibdir. Əsas dəyişiklik ondan ibarətdir ki, Avropa İttifaqı və onun aparıcı dövlətləri Azərbaycanla münasibətlərdə insan hüquqları, demokratiya kimi məsələləri ikinci plana keçiriblər”.
Ekspert deyir ki, hazırda Qərb üçün əsas hədəf – Rusiya ilə geosiyasi qarşıdurmada üstünlük qazanmaqdır:
“Bu isə Rusiyanı regiondan sıxışdırmaq və Orta Dəhlizin strateji əhəmiyyətini artırmaq deməkdir. Belə bir şəraitdə geosiyasi məsələlər ön plana çıxıb: enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və Rusiya ilə rəqabət kontekstində formalaşan maraqlar. Bu dialoqda Azərbaycanın da həm ölkənin, həm də hakimiyyətin təhlükəsizliyini təmin etmək baxımından maraqları var. Görünür, rəsmi Bakı bu geosiyasi dialoqda özünü daha rahat hiss edir”.
“Rusiya ilə problem yaşayan Azərbaycanın Qərb ilə münasibətlərinin normal olması zəruridir”
Siyasi şərhçi Nəsimi Məmmədli Meydan TV-yə məsələ ilə əlaqədar danışarkən vurğulayıb ki, Fransa–Azərbaycan münasibətləri həmişə normal olub. Sadəcə olaraq, İkinci Qarabağ müharibəsindən sonra münasibətlər müəyyən qədər gərginləşib:

“Hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesi xeyli irəliləyib və iki ölkə arasında saziş paraflanıb. Bu baxımdan, Fransanın Azərbaycanla geosiyasi müstəvidə ciddi bir gərginliyi qalmayıb. Digər tərəfdən, Avropa İttifaqının əsas və aparıcı dövlətlərindən biri məhz Fransadır. Fransa hər zaman Avropa İttifaqının Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində siyasətini həyata keçirən əsas rol oynayan iştirakçı olub. Təbii ki, Fransa Azərbaycanla münasibətləri normallaşdıraraq, Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək və eyni zamanda Mərkəzi Asiyada təsir imkanlarını bərpa etmək istəyir. Bu səbəbdən həm Azərbaycan, həm də Fransa — münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır”.
“Azərbaycan siyasi məhbus problemini həll etməlidir”
Nəsimi Məmmədli bildirib ki, Rusiya ilə problemlər yaşayan Azərbaycanın hazırda ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin normal olması zəruridir.
“Azərbaycan hazırda Rusiya ilə də müəyyən problemlər yaşayır. Belə bir mərhələdə onun həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərinin normal olması zəruri görünür. Əgər Azərbaycan doğrudan da Avropa ilə münasibətləri tənzimləmək istəyirsə, ilk növbədə siyasi məhbus məsələsinə son qoymalıdır. Ölkədə demokratik azadlıqlar təmin olunmalı, vətəndaş iştirakçılığı -istər siyasi, istər ictimai baxımdan genişlənməlidir”, – deyə ekspert əlavə edib.