Bakı Bulvarının ekzotikası: ”Bomba bala”, ”Sevgimiz ölmür”

Dənizkənarı Parkdakı kaktuslara nəzarət yoxdur?

Source:


Dənizkənarı Parkdakı kaktuslara nəzarət yoxdur?

“Eurovision”, I Avropa Oyunları və nəhayət, bu ilin iyununda keçirilən “Formula-1” Avropa Qran-Prisi yarışları öncəsi, daha dəqiq, 2008-ci ildən başlayaraq Bakı Bulvarı gözəlləşdirilməyə, xarici ölkələrdən gətirilmiş bahalı ekzotik bitkilərlə bəzədilməyə başlanıldı.

Yüzlərlə qonağı qarşılayan Bakı Bulvarının yaşıllığa qərq olunması üçün aylarla iş görüldü.


Yaşıllaşdırmaya nə qədər vəsait xərclənib?

Hazırda bulvarda 3500-dən çox ağac növü, kol və gül var, ekzotik bitkilərin sayı isə 56 mini ötür. Bakı Bulvarının rəsmi internet

səhifəsində

 yer alan məlumata görə, bitkinin növündən və 6 ay 3-4 illik mövsümdən asılı olaraq bu bitkilər dəyişdirilir, yeni növlər əkilir.

Lakin qurumun rəsmi səhifəsində yaşıllaşdırmaya, xüsusilə də xaricdən gətirilən ağc və bəzək bitkilərinə xərclənən vəsait göstərilməyib. Jurnalistlərin bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinə ünvanlanan sualları cavabsız qalıb. Sadəcə olaraq, bəzi ağac növlərinin hər birinə 10-15 min evro vəsait xərcləndiyi bildirilib.

Hələ 2012-ci ildə Azadlıq Radiosu bununla bağlı

araşdırma

apararkən qeyri-rəsmi mənbələrə əsaslanaraq, həmin məbləğin 50 milyon manat civarında olduğunu yazmışdı:

“Qeyri-rəsmi iddialara görə, dövlət büdcəsindən Bakı bulvarında xaricdən gətirilib əkilən ağaclara 50 milyon manat vəsait ayrılıb. Elə adının çəkilməsini istəməyən bulvar əməkdaşları deyirlər ki, baobablardan birinin qiyməti 30 min manatdır. Hantorriya, palma və başqa ağacların hərəsinin 5-6 min qiyməti var”.

Bakı Bulvar İdarəsindən Meydan TV-nin suallarına cavab olaraq bildirildi ki, onlar bitkilərə xərclənən vəsait haqqında məlumat verə bilməzlər.

“Nadir ekzotik ağaclardır. Onların hansı qiymətə alınmasının nə önəmi var? Əsas odur ki, heç bir israfçılığa yol verilməyib. Dünyanın hər yerində nadir bitkilərə xərc çəkilir” – idarənin adını söyləmək istəməyən kişi əməkdaşı vurğuladı.


Məsuliyyətsizlik, yoxsa…

“Əcnəbi ağaclar” arasında Bakının iqliminə uyğunlaşmadığı üçün quruyanları da var. Məsələn, ötən il Kukla Teatrının yaxınlığında əkilmiş iki baobab ağacı iqlimə uyğunlaşmadığı üçün qurumuşdu.

Hələ 2012-ci ildə Botanika Bağının mərhum direktoru Oruc İbadlı Azadlıq Radiosuna demişdi ki, Afrikanın quraq savannalarına xarakterik olan 200 yaşlı baobablar Bakı küləyində yaşaya bilməz. Mərhum botanik bu ağacların bir neçə ildən sonra quruyacağını da vurğulamışdı.

İqlimə uyğunlaşmış, amma məsuliyyətsizliyin qurbanına çevrilərək məhv olan ağaclar da az deyil. Belə ki, “Park Bulvar” Ticarət və İstirahət Mərkəzinin yaxınlığındakı 40-a yaxın böyük kaktus ağacı kimi. Ağacların üzərinə müxtəlif yazılar həkk olunub. “N+B”, “Bərdəli oğlan”, “Tərtərli balası”, “Bomba bala”, “Sevgimiz ölmür” kimi onlarla belə yazılarla ağaclara zərər vurulub. Yazıların bıçaqla işləndiyi görünür.

Cərgə ilə əkilmiş kaktuslar yolun ortasındadır və yerləşdiyi əraziyə görə nəzarətdən kənarda qalması mümkünsüzdür.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev “Report”a

açıqlamasında

deyir ki, Bulvar ərazisinin təmizliyi üçün 221, yaşıllığı üçün 176, mühafizəsi üçün isə 245 nəfər məşğul olur. Başqa işçilər də var. Məsələn, elektriklər, suçular, təmirçilər və s. Ümumilikdə bütün əməkdaşların sayı 1000 nəfərə qədərdir. Bir təmizlik işçisinə təxminən 1 hektara qədər ərazi düşür.

Buranın mühafizəçiləri polis olmasa da, onlara qoyulan tələblər var. Belə ki, işə götürülərkən fizki hazırlıq, boy səviyyəsi nəzərə alınır. Onlara xüsusi kurslar, təlimlər keçdikdən sonra bulvarın mühafizəsi həvalə olunur.

Rəfael Niftəliyev deyib ki, Bulvarın təmizliyindən məsul şəxslər 330, mühafizəçilər isə 350 manat əmək haqqı alırlar. Mühafizəçilər növbəli sistemlə günün 24 saatı işləyir. Təmizlikçilər də növbəli şəkildə 23:00-a kimi çalışırlar. Elektriklər də növbə ilə 24 saat işləyirlər. Xüsusi bayram günlərində, tədbirlər keçirilən vaxtlarda sutkalıq iş sistemi digər işçilər üçün də tətbiq olunur .

Bəs belə olan halda bahalı ekzotik bitkilər niyə bu hala salınıb? Niyə onlara ziyan vuran adamlar haqqında hər hansı ölçü götürülməyib? Dənizkənarı Bulvar İdarəsindən konkret fakt göstərilməsə də, lazımi ölçü götürüldüyü bildirildi…

Ana səhifəXəbərlərBakı Bulvarının ekzotikası: ”Bomba bala”, ”Sevgimiz ölmür”