“Xəzinədar bilet satanda qalığı qaytarmır”
Bakı sakini Mənzər Əliyeva Bakı Beynəlxalq Avtovağzalından şikayətçidir. O, Meydan TV-yə deyib ki, Qaradağlı-Quzanlı istiqaməti üzrə avtobusa bilet alan zaman saxtakarlıqla qarşılaşıb:
“İnsanların cibinə girmək üçün daha bilmirlər ki, hansı yollara əl atsınlar. Ötən ay işlə bağlı Ağdamın Quzanlı qəsəbəsinə gedirdim. Bilet almaq üçün kassaya yaxınlaşdım. İcraçı xəzinədar gedişhaqqının 8 manat 50 qəpik olduğunu bildirdi. Mən də ödəniş etmək üçün ona 20 manat verdim. Bileti mənə uzadan Samirə Abbasova ad-soyadlı xəzinədar, 50 qəpik xırda pulunun olmadığını bildirdi. Yerimdən tərpənmədiyimi görüb, qarşısındakı qutuda guya qəpik axtarmağa başladı. Təkrar məndən soruşdu ki, sizdə heç xırda pul yoxdur? Mən “yoxdur”, deyəndən sonra yaxınlıqda dayanan sürücünü çağırdı ki, bəlkə səndə 50 qəpik ola? Sürücü də əlini ciblərinə saldı, bir xeyli qurdalandı, dedi ki, xırda pulum yoxdur. Bunlar hər ikisi də gördülər ki, mən yerimdən tərpənmirəm, hətta “eybi yoxdur, xırda qalsın” da demirəm. Bundan sonra sürücü məcbur olub, qəpik axtarmağa getdi. Təxminən 2 dəqiqədən sonra gətirib 50 qəpiyi mənə verdi. Gedişhaqqını iki dəfə qaldırmaqları bəs etmir, üstəlik, camaata fırıldaq gəlirlər”.
Şikayətçi deyir ki, xəzinədar həmin xətt üzrə gedən sərnişinlərin əksəriyyətinə xırda qəpik pulunun olmadığını söyləyib:
“Mən avtobusa minəndə, sərnişinlərdən birinin sürücü və konduktorla mübahisə etdiyini gördüm. Məlum oldu ki, Bərdəyə gedən qadına Qaradağlı biletini satıblar. Həmin istiqamətdə Qaradağlı son dayanacaqdır. İcraçı da o qadına Bərdə əvəzinə Qaradağlı biletini satıb. Qadın gəlib, avtobusda yanında oturan başqa bir sərnişinin əlində Qaradağlı-Bərdə biletini görüb. Baxıb ki, Qaradağlı-Bərdə istiqamətində gedişhaqqı 7 manat 30 qəpik, Qaradağlı-Qaradağlı istiqamətində olan bilet isə 9 manat 40 qəpikdir. Bunu görən sərnişin hay-küy qaldırdı. Lakin oğlu onu sakitləşdirdi ki, boş ver getsinlər, mübahisə etmə. Daha sonra sərnişinlər arasında söhbət düşdü ki, xəzinədar bilet satarkən, onların birinə “20 qəpik yoxdur”, “10 qəpiyim çatmır”, “50 qəpik xırdamız yoxdur”, – deyib və qalığı qaytarmayıb”.
Özünü Bakı Beynəlxalq Avtovağzalının baş xəzinədarı kimi təqdim edən Rəşad adlı şəxs Meydan TV-nin suallarını cavablandıran zaman hadisənin hansı tarixdə baş verdiyini bilmədiyi halda xəzinədə xırda pul olmadığını dedi:
“İcraçı düz deyir, həmin vaxt xırda pul yox idi. Günün müəyyən vaxtlarında qəpik pullar qurtarır, biz təzədən “kassa”nı pulla təmin edirik. İki müxtəlif sərnişinə eyni istiqamətdə bilet satılmasına gəlincə, Bərdəyə bilet müəyyən sayda verilir. Limit qurtarandan sonra həmin xətt üzrə daha uzaq istiqamətə baha olan biletlər satışa çxarılır”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirildi ki, Bakı Avtovağzal Kompleksində bilet satışı daxili qaydada tənzimlənir. DANX-ın nəzarətində yalnız marşrut xətləri ilə bağlı məsələlərdir.
Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətindən isə Meydan TV-yə icraçı ilə bağlı araşdırma aparılacağı bildirildi. Əlavə olundu ki, icraçının işi ilə bağlı xoşagəlməz hal ortaya çıxarıldığı təqdirdə haqqında ölçü götürüləcək.
Onu da əlavə edək ki, Tarif Şurasının qərarı ilə bu ilin iyulunda Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı artırılıb. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.