Səhnə 1000-dək rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülüb
İyunun 12-də saat 21-də 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” – I Avropa Oyunlarının rəsmi açılış mərasiminə start verilib.
Muğam ifaçısı Alim Qasımovun ifası altında “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimində səhnəyə Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, “küləklər şəhəri” Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın (Nərgiz Nəsirzadə) və kişi (Aydəmir Aydəmirov) çıxıblar.
50 nağaranın ritmik sədaları altında 24-dən 0-a qədər geriyə sayım başlayıb.
Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərir.
Səhnə 1000-dək rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülüb.
Onların hekayəti bəşəriyyətin birliyə və anlaşmaya ehtiyacı olduğunu tərənnüm edib.
Qobustan qayaüstü abidəsini canlandıran səhnə nümayiş etdirilib və kişi qayadakı daşların birinin üzərində səhnəyə çıxıb. Daha sonra səhnədə alovlu dairə nümayiş olunub. Alov söndükdən sonra kişi və qadın böyük Avropa Oyunları məşəlini alovlandırıblar
Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxıb, onun əlindəki tərəzinin hər gözündə bir gəlincik fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər – Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandırıblar.
Ardınca təntənəli atəşfəşanlıq olub.
Sonra tamaşaçılar Azərbaycan prezidenti
İlham Əliyev
, Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.
Azərbaycanın Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi – paralimpiyaçı İlham Zəkiyev stadiona gətirib.
Rəsmi açılış mərasimində qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Serbiya prezidenti Tomislav Nikoliç, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus prezidenti Aleksandr Lukaşenko, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları – Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın baş naziri Boyko Borisov, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. (
APA
)