Sakinlər bələdiyyədən, bələdiyyə sakinlərdən şikayətçidir
“İstilər düşür, evdən çölə çıxmaq olmur, məhəllələri zibilliklər ağuşuna alıb. Nəticədə sürü ilə küçə itləri peyda olur. Uşaqlar məktəbə gedib-gələ bilmir”.
Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin sakinləri Meydan TV-yə danışırlar ki, neçə ildir məhəllələrdəki zibillikləri ləğv edə bilmirlər. Səbəbsə yerli icra hakimiyyətinin məhəllələri zibil qutularıyla təmin etməməsi, bələdiyyənin isə zibillərin daşınmasına maraq göstərməməsidir. Bağlar Döngəsində yaşayan Samir Əlibalayev deyir, bunun zərərini sakinlər çəkir:
Üfunət, həşərat – hamısı evlərə dolur
“Zibil qutuları yoxdur deyə, heç kəs zibili öz qapısına atmır, aparıb qonşu məhəllələrə atır. Beləliklə də, hamı bir-birinin məhəlləsini zibilləyir. Yaranmış iri zibilliklə evlərin arası çox qısadır. Üfunət, iy, həşərat – hamısı evlərə dolur. Evdən çıxanda zibilliklərin üstündən keçib getməyə məcburuq. İydən adamın beyni çatlayır”.
Sakin deyir, zibillik küçə itlərinin məhəllələrə dadanmasına səbəb olub. Bu isə əsasən uşaqlar üçün təhlükəlidir.
Küçə itləri adamlara cumur
“O gün bir küçə iti 7 yaşlı uşağı qatmışdı qabağına… Dişləsəydi, o ailə üçün faciə idi. Sürüylə gəzir burda itlər… Axşamlar işdən qayıdanların üstünə sürüylə cumurlar. Bir sözlə, Badamdardakı məhəllələr zibil oylaqlarına çevrilib”- məhəllə sakini deyir.
Sakinlər zibilliklərin ləğv edilməsi üçün yerli bələdiyyəyə və icra hakimiyyətinə müraciət ediblər. Dediklərinə görə, onlara bildirilib ki, hələlik məhəllələrə qoymağa zibil qutuları yoxdur, səbr etməlidilər. Sakinlərsə nəzarətin gücləndirilməsini, cərimə tətbiq olunmasını istəyirlər.
Cərimə var, tətbiq olunmur
İnzibati Xətalar Məcəlləsində ictimai yeri zibilləməklə bağlı müəyyən cərimələr nəzərdə tutulub. Sakinlər hesab edirlər ki, belə bir cəza nəzərdə tutulsa da, tətbiq olunmasına maraq göstərilmir.
Badamdar qəsəbə bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, Badamdarın məhəllədaxili küçələrində kifayət qədər zibil qutusu var. Hətta yeni məhəllələr də zibil qutuları ilə təmin olunub və zibillər vaxtlı-vaxtında daşınır. Bəzi məhəllələrdəki zibillikləri yaradansa zibili qutuya atmağa tənbəllik edən sakinlərdir:
“Sakinlər özləri bu vəziyyəti yaradırlar. Zibildaşıyanlar yorulub küçələrdən zibil yığmaqdan… Bu, az qala bir sosial bəlaya çevrilib. Burda vətəndaş marağı da olmalıdır, buna ictimai nəzarət deyilir. Zibili küçənin ortasına tökənlərin müəyyən edilməsində vətəndaşlar da yardımçı olmalıdırlar ”.