Badamdarda sürüşmə zonasında aktivlik davam edir

Üst hissədə evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir

Source:
Sürüşmə zonası
Sürüşmə zonası

Üst hissədə evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolunda oktyabrın 12-də aktivləşən sürüşmə prosesi hələ də davam edir.

Oktyabrın 15-dən 16-a keçən gecə ərazidə aktivlik davam edib.

“Report” agentliyinin məlumatına əsasən, oktyabrın 16-da Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Badamdar sürüşmə sahəsində bu il oktyabrın 1-də növbəti monitorinq aparılıb. Monitorinq zamanı sürüşmə kütləsinin üzərində yeni çatların, qırılmaların, gölməçələrin və inşa edilmiş istinad divarında deformasiyaların əmələ gəldiyi müşahidə edilib. Sürüşmə sahəsinin aktivləşməsi barədə Nazirlər Kabinetinə və aidiyyəti icra strukturlarına məlumat verilib və Nazirliyin mütəxəssisləri tərəfindən ərazidə növbətçilik təşkil olunaraq mütəmadi müşahidələr aparılıb.

Oktyabrın 12-də sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub.

Sürüşmə sahəsindəki gərginlik nəzərə alınaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Qərargah yaradılıb.

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, sürüşmə eni 300 metr olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəliləybi.

“Yamac boyu, təxminən, 11 yaşayış evi və asfaltın alt hissəsində iki iaşə obyekti var. Sakinlərə müvafiq orqanlar tərəfindən xəbərdar edilib və onlar evlərindən çıxarılıb”.

O qeyd edib ki, bu ərazidə ilk sürüşmə 2012-ci ildə baş verib. “Həmin vaxt istinad divarları tikildi”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, baş direktor Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrin əməkdaşları Bakı şəhərinə geri çağırılaraq sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov jurnalistlərə bildirib ki, hazırda Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır.

O bildirib ki, 150 metr dərinliyində 5 quyu qazılacaq: “Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir”.

Şöbə müdirinin sözlərinə görə, ərazidə təhlükəsizlik tədbirləri görülür:

“İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur”.

Ana səhifəXəbərlərBadamdarda sürüşmə zonasında aktivlik davam edir