Bacısı olmayan oğlanlar…

Utanmadan deyirlər ki, nə yaxşı bacım yoxdur…

Source:

Aldığım travmadan sonra tez-tez depressiyaya düşürdüm. Evdə hamını otağımdan qovurdum. Belə vaxtlarda anam həmişə bacımı yanıma göndərirdi. Bacım ən əsəbi vaxtlarımda belə  kefimi açmağı bacarırdı. Hətta istəsəm belə, onu otaqdan çıxara bilmirdim. Onun gülüşü bütün problemlərimi unutdururdu. O çoxlu məzəli əhvalatlar danışır, komediya çıxarırdı.

Çox vaxt onu acılayırdım. Bacım incimək əvəzinə yenə zarafat edirdi.

Travma aldığım il bacım universitetə hazırlaşırdı. O ərəfədə bütün doğmalarım kimi, bacım da bərk sarsıntı keçirtdi. Bu sarsıntıya görə öyrəndiyini yadırğadı, qəbul vaxtı az bal topladı, ali məktəbə balə çatmadı. Kollecə daxil oldu. Kollecin son kursuna çatanda, repetitorsuz-zadzis universitetə hazırlaşdı və istəyinə çatdı.

O, universitetə hazırlaşdığı vaxtlarda da mənə dəstək olurdu. Gecələr ağrılardan yata bilməyəndə, yuxum qaçanda əllərimi masaj edirdi. Bu masaj sayəsində ağrılar azalır, sonra mən rahat yatırdım. Düşünürəm ki, bəlkə də o bu qədər qayğıma qalmasaydı, çox bədbin olardım. Amma o şənliyi-şuxluğu, pozitiv əhval-ruhiyyəsi ilə nəinki mənim, evdəkilərin, bizə gələn qohumların, tanışların dakefini açır, üzünü güldürürdü.

Qəzadan sonra mənə evdə ən çox anam qulluq edir. Anam xəstələnəndə yük bacımın üstünə düşür. Təzə vaxtlar hələ əlil arabama otura bilmirdim. Məcbur olub, yeməkləri yataqda yeyirdim. Bacım maraqlı söhbətləri ilə elə edirdi ki, başqa vaxt iştahsızlıqdan ağzımı büzə-büzə yediyim yeməkləri bu dəfə iştahla yeyirdim.

Hərdən o, məni əlil arabama oturmağıma kömək edirdi. Ona ağır olsa da, kömək etməkdən vaz keçmir.

Bəzən halıma pis olurdum. Üsyankar danışıb, halıma görə gileylənirdim. Bacım o vəziyyətlərdə də mənə oxuduğu kitab qəhramanlarının çətinliklərə necə dözüb, əzmkarlıq və mübarizə sayəsində yüksəlib, işıqlı günlərə çatdıqlarından danışırdı. Ən çox da peyğəmbərimizin haqq uğrunda şücaətindən bəhs edir, onun ağır məşəqqətlərə necə sinə gəlib, səbrlə amalına çatdığını nağıl edirdi.

Prinsiplərimin formalaşmasında bacımın böyük təsiri olub. O çoxlu kitablar oxuyur və mənə də oxuduqlarını məsləhət görür. Çox vaxt oxuduğumuz kitabları və baxdığımız filmləri bir yerdə müzakirə edirik. Bacım elə bil, informasiya mənbəyidir. Hər gün bizi internetdə və jurnallarda oxuduğu xəbərlərlə məlumatlandırır.

Keçən dəfə etiraf edib ki, uşaq vaxtı divarı özü yazıbmış. Halbuki evdə bu şuluq işi məndən bilib, cəzalandırmışdılar. O isə kənardan hadisələri izləməklə kifayətlənmişdi. İndi həmin hadisəni danışıb, bizi güldürür.

Bəzi oğlanlar utanmadan deyirlər ki, nə yaxşı bacım yoxdur. Onlar bacılarının ayağı sürüşkənlik edib, öz qardaşlarının namusuna ləkə gətirəcəklərini düşünürlər. Əslində, bununla  özlərini ifşa edirlər. Onlar acizliklərini və necə başqalarının bacısına namussuz nəzərlərlə baxdıqlarını söyləmək istəyirlər bu etirafla. Bacılarınızla dost olmağa çalışın. İnanın ki, ona olan anlayışınız hörmətiniz sizi daha dəyərli edəcək.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəBacısı olmayan oğlanlar…