Müəlliflər: Mikroskop Media və Meydan TV
Çexiyada, Praqanı iki hissəyə ayıran Vltava çayının sahilində yerləşən 5 ulduzlu hotelin reklamında onun qonaqlarına unikal şəhər mənzərəsi vəd etdiyi yazılır. Otaqlarından Praqa qəsrinin də göründüyü bu hotel 90-cı illərdən fəaliyyət göstərir.
“Ən müasir dizayn, maksimum rahatlıq, əla yer və heyrətamiz mənzərə…” hoteli idarə edən şirkət öz saytında onu bu formada təqdim edir.
Ona görə də, 2015-ci ildə bu hotelin sahibi dəyişəndə hətta Çex mediasının da marağına səbəb oldu.

“Rus investorlar üçün Çexiyada daşınmaz əmlak təhlükəsiz cənnətdir. Xüsusən də Praqa və Karlovıy Varı şəhərində. Onların arasında rusiyalı milyarder Rafiq Həsənov da var ki, o, “President Hotel”i alıb və onun sahibidir” – yerli media 2022-ci ildə dərc etdiyi məqalədə yazıb.
Rusiyalı biznesmen kimi təqdim olunan Rafiq Həsənovun əslində Azərbaycanla çox böyük əlaqəsi var. Jurnalistlərin araşdırması üzə çıxarıb ki, soyadları fərqli olsa da, Rafiq Həsənov Azərbaycan prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun qardaşıdır. O, Azərbaycan icmaiyyətində Eyyubov soyadı ilə tanınır, amma rəsmi sənədlərdə Eyyubov ailəsinin digər bəzi üzvləri kimi rəsmi soyadı Həsənovdur.

Mikroskop Media və Meydan TV jurnalistlərinin birgə araşdırması həm də onu üzə çıxarıb ki, bu hotel Rafiq Həsənovun varidat imperiyasının sadəcə kiçik bir hissəsidir. “President Hotel”dən əlavə, Rafiq Həsənov Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmir Krallıqda ümumi dəyəri təxminən 51 milyon dollar (təxminən 86,7 milyon AZN) olan biznes və mülklərin sahibidir.
Bu mülklər siyahısına Karlovı Varı şəhərində Qolf mərkəzi və resort, Dubayda yerləşən ən azı 4 lüks villa da daxildir.
Rusiya Federasiyasında isə 2022-ci ilə qədər onun 9 milyon dollar (təxminən 15 milyon AZN) dəyərində mülk və biznesi olub. Bu siyahıya, Moskvada yerləşən və 18-ci əsrə aid mədəni irs obyekti kimi qeydiyyatda olan malikanə daxildir. 2020-ci ildə dərc edilən məlumata görə, bu mülkdə 2003-cü ildən etibarən Fransız restoranı “Parisienne” fəaliyyət göstərir və onun satış qiyməti 2 milyon dollardan çoxdur. Həsənov eyni zamanda, şəhərin müxtəlif ərazilərində yerləşən binalar və mənzillərə də sahibdir.
Hazırda Rusiya reyesteri bağlı olduğundan Rafiq Həsənovun hələ bu mülklərin sahibi olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb.
Milyonlarla dollar dəyəri olan bu sərvətin mənbəyi isə suallar doğurur.
Rafiq Həsənov bu mülk və bizneslərə xərclənən milyonların mənbəyi ilə bağlı jurnalistlərin sorğusuna cavab verməyib.
Rafiq Həsənov Azərbaycanda nə iş görür?
Azərbaycandilli mənbələrdə Rafiq Həsənovun ölkədəki biznes fəaliyyəti ilə bağlı geniş məlumat yoxdur. Generalın qardaşının ölkədəki aşkar biznesi “Vinagro” MMC-dir. Bu şirkət Göygöl Şərab Zavodunun əsas payçısıdır və zavodun səhmlərinin 99,98%-i həmin MMC-yə məxsusdur. Zavodun saytında yazılan məlumata görə, “”Vinagro”nun 100%-lik səhmdarı Rafiq Həsən oğlu Həsənovdur.
Jurnalistlər Rafiq Həsənovun həm özü, həm də biznesləri ilə bağlı az sayda ictimai məlumat tapa bilsələr də, Eyyubovlar ailəsinin gürcü şəriki Laşa Papaşvili onu çox varlı biznesmen kimi təqdim edib.
“O, çox varlı biznesmen, Azərbaycanın daşınmaz əmlak və turizm sahəsində ən böyük oyunçulardardan biridir” deyən Laşa Papaşvili eyni zamanda qeyd edib ki, Həsənov həm də spirtli və sərinləşdirici içkilərin böyük istehsalçısıdır.
Eyyubovlar ailəsi ilə Laşa Papaşvilinin şərikliyini jurnalistlər əvvəlki araşdırmalarında üzə çıxarıb. Ötən ilin mayında yayımlanan araşdırmada məlum olub ki, bu şərikliklə Eyyubovlar Gürcüstanda otel sahibi olub.
Daha ətraflı məlumat üçün həmin araşdırmanı buradan oxuya bilərsiniz.
Azərbaycanda qeydiyyatda olan və adı Rafiq Həsənovla bağlı digər şirkət isə “Polimer İnvestments” MMC-dir. Dövlət mediasının 2019-cu ildə dərc etdiyi məlumata görə, bu şirkət polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı ilə məşğul olan və dövlətə məxsus “SOCAR Polymer”in 5%-lik səhmlərinin sahibi olub. (Polipropilen sintetik ağ və ya rəngsiz şəffaf bərk liflərin, boruların, plyonkaların və s. istehsalı üçün istifadə olunan maddədir. Polietilen isə sintetik materiallardır.) “SOCAR Polymer”in dərc etdiyi maliyyə hesabatlarında səhmlərlə bağlı məlumatlar açıqlanmadığı üçün jurnalistlər “Polimer İnvestments” MMC-nin buradakı payının sonrakı illərdə necə dəyişdiyini müəyyənləşdirə bilməyib.
Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, Rafiq Həsənov hələ də “Polimer İnvestments” MMC-nin qanuni təmsilçisidir. Azərbaycanda şirkətlərin sahibləri və payçıları ilə bağlı məlumatlar açıq olmadığından bu şirkətin təsisçisi və payçılarının kim olduğu, şirkətin Rafiq Həsənova məxsus olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb.
2019-cu ildə isə prezident İlham Əliyev onun biznesmen kimi fəaliyyətini qiymətləndirib. Həmin il 3 iyunda prezidentin imzaladığı “Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncama əsasən R. Həsənova “Tərəqqi” medalı verilib.
Jurnalistlər onların qardaş olduğunu necə müəyyənləşdirib?
Rafiq Həsənov 1967-ci ilin 25 oktyabrında doğulub. Azərbaycan mediasında onun adı bir neçə dəfə Bəylər Eyyubovun qardaşı kimi çəkilsə də, soyadı Eyyubov kimi qeyd olunub. Amma jurnalistlər tapıblar ki, rəsmi sənədlər və seçici siyahısında Eyyubovlar ailəsinin digər bəzi üzvləri kimi Rafiqin soyadı Eyyubov yox, Həsənovdur.
Rafiq Həsənovun Azərbaycanda bir müddət qeydiyyatda olduğu ünvan Bəylər Eyyubovun bacısı, Qaze Həsənova ilə eyni olub. Jurnalistlər eyni zamanda generalın bacısı oğlunun sosial media profillərinin birində Rafiq Həsənovla Bəylər Eyyubovun birlikdə çəkdirdikləri fotonu da tapıblar.

Bundan əlavə, C4ADS qeyri-kommersiya araşdırma təşkilatının sənədlərinə görə həm Bəylər, həm də Rafiq eyni vaxtda Dubayın “Palm Jumeirah” adasında yanaşı yerləşən və eyni stildə olan iki villa alıblar. 2023-cü ilin yanvar ayından sonra Bəylər Eyyubov öz villasını qardaşına ötürüb. 6 yataq otağından ibarət olan bu villada hovuz da var. Daşınmaz əmlak agentliyinin reklamında deyilir ki, villanın illik kirayə haqqı 870 min dollardır.
Lakin Eyyubovun qardaşının “Palm Jumeirah”dakı tək mülkü bu deyil. O həmçinin “Shoreline Apartments” adlanan ekskluziv yaşayış kompleksində də iki mənzil və iki penthauz sahibidir. Bu mülklərin 2-3 yataq otağı var və onlardan ikisi 10-cu mərtəbədə yerləşir.
Həsənovun 1 otaqlı digər mənzili isə “Al Hebiah Fourth” adlı bölgədə “Matrix Tower”də yerləşir. Bu mülk, eləcə də “Shoreline Apartments”dəki evlərin hamısı kirayədədir. Dubayda Rafiq Həsənovun satın aldığı mənzillərin bir hissəsi isə “Cube” və “Dubai Pearl North Tower” layihələrindədir. O, bu layihələrdən ümumilikdə 15 mənzil alıb, amma sonradan bu layihələrin icrası ləğv olunub.






Həsənov nəinki Dubayda, hətta Londonda da qardaşının ailəsi ilə qonşudur, lakin ofşor şirkəti vasitəsi ilə.
2022-ci ildə qəbul olunan və Böyük Britaniyada mülkü olan ofşor şirkətlərin öz sahiblərini açıqlamasını tələb edən qanundan sonra, “Nubax Holdings Ltd” adlanan ofşor şirkət öz səhmdarının adını açıqlayıb və doğum tarixi vasitəsi ilə jurnalistlər bu şəxsin generalın qardaşı Rafiq Həsənov olduğunu müəyyənləşdirib.
Britaniya torpaq sənədlərinə görə, “Nubax Holdings Ltd” Londonda yerləşən Visage Apartments adlı binanın 5-ci mərtəbəsində 4 otaqlı mənzilin sahibidir və bu mülkün dəyəri 950 min funt sterlinqdir. Həmin binada Bəylər Eyyubovun qızı Elvira Eyyubova da ofşor şirkətlər vasitəsi ilə satın alınan və milyon dollarlarla dəyəri olan iki penthauz və bir mənzilin sahibidir.
Bəylər Eyyubov və ailəsinin Londondakı mülkləri ilə bağlı daha ətraflı əvvəlki araşdırmamızda oxuya bilərsiniz.
Elvira Eyyubova və ailənin digər üzvləri jurnalistlərin göndərdiyi sorğuları cavabsız qoyub.
Çexiyadakı biznes və mülklər
Rafiq Həsənovun Azərbaycanda biznes fəaliyyəti qaranlıq qalsa da, 2011-2019-cu illərdə onun Çexiyada sahib olduğu biznes və mülklərlə bağlı məlumat tapmaq mümkün olub. Onun bu ölkədəki mülk və bizneslərinin ümumi dəyəri təxminən 44 milyon dollardır. Yəni, indiki məzənnə ilə təxminən 74,8 milyon manat.
Jurnalistlərin əldə etdiyi sənədlərə görə, təhlükəsizlik rəisinin qardaşı Çexiya mediasında gündəmə çevrilən “President” hoteli üçün 2015-ci ildə 23,5 milyon avro, yəni həmin ilin məzənnəsi ilə təxminən 27 milyon manat xərc çəkib. Yeri gəlmişkən, Rafiq Həsənov Çexiyada medianın gündəminə çevriləndə o, rusiyalı iş adamı kimi təqdim olunmuşdu, çünki generalın qardaşının Azərbaycanla yanaşı həm də Rusiya vətəndaşlığı var.
2022-ci ilə qədər Rafiq Həsənov Çexiya və Rusiyadakı mülk və bizneslərini almaq üçün Rusiya vətəndaşlığından istifadə edib. Gürcüstanda isə o, Azərbaycan pasportuna üstünlük verib. 2022-ci ildə isə Çexiyadakı şirkətlərində Rafiq Həsənov vətəndaşlığı ilə bağlı məlumatları dəyişib və Azərbaycan pasportunu əlavə edib. Yerli media ehtimal edir ki, bunun səbəbi həmin ildə Rusiyanın Ukraynaya hücumundan sonra başlayan müharibə ilə bağlı olub.
“President Hotel” həm də ona görə maraqlıdır ki, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi Praqada keçirdiyi rəsmi tədbirlər üçün məkan olaraq buranı seçib. Məsələn, 2023-cü il mayın 11-də mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə bu otelin konfrans zalında şahmat turniri və rəsmi qəbul keçirilib. Tədbir Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı və Çexiyanın Şahmat Federasiyasının dəstəyi ilə baş tutub.

Həmin ilin fevralında Azərbaycan səfirliyinin Xocalı Faciəsinin ildönümü ilə bağlı keçirdiyi anım mərasimi yenə bu hoteldə baş tutub.
Əvvəlki illərdə isə Azərbaycanın Çexiyadakı səfirliyi bu hoteldə Nizami Gəncəvinin 880 illik yubileyi, 8 Noyabr Zəfər Günü, 28 May Müstəqillik günü münasibətilə rəsmi qəbul, 20 Yanvar faciəsinin 30-cu ildönümü kimi tədbirlər təşkil edib.
Heydər Əliyev Fondunun həm-təşkilatçısı olduğu qolf turnirləri və biznes şəbəkəsi
Rafiq Həsənovun Çexiyadakı biznesi – “Golf Resort Cihelny”də 2014-cü ildən etibarən hər il Heydər Əliyevin doğum günü münasibətilə qolf turniri keçirilib. 2022-ci ilə qədər (2020 və 2021 istisna olmaqla) ümumilikdə 7 turnir keçirilib.
Bu turnirlərə sponsorluq müxtəlif qurum və şirkətlər tərəfindən edilib ki, onlar arasında Heydər Əliyev Fondu, Azərbaycanın Çexiyadakı səfirliyi, Mercedes Benz, Porsche şirkətləri və digərləri də var.
Rafiq Həsənovun ən azı 4 ölkədəki mülk və biznesləri, onların əldə olunması üçün xərclənən pulun mənbəyi və onun bu sərvətə sahib olmasında qardaşı Bəylər Eyyubovun hər hansı rolunun olub-olmaması ilə bağlı jurnalistlərin göndərdiyi sorğu isə cavabsız qalıb.
Müəlliflər: Mikroskop Media və Meydan TV – Əməkdaşlıq: vlast.kz