Bəxtiyar Hacıyev: “Azərbaycan hökumətinin verdiyi 12 min avronu da cinayət yolu ilə əldə edilmiş vəsait saydılar”

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Üç ilə yaxındır həbsdə saxlanılan ictimai fəal Bəxtiyar Hacıyev bildirir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsasında Azərbaycan hökuməti tərəfindən ona ödənilmiş 12 min avro istintaq orqanı tərəfindən “cinayət yolu ilə əldə edilmiş vəsait” kimi qiymətləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsi də həmin vəsaitin müsadirəsinə qərar verib.

Bu barədə Hacıyev noyabrın 5-də Ali Məhkəmədə keçirilən iclasda çıxışı zamanı danışıb.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. İctimai fəal yanvarın 13-də 10 il azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilib.

O, bu ittihamların heç birini qəbul etmir.

O, barəsindəki cinayət işinin sifarişlə açıldığını bildirib və ilkin olaraq xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunduğunu, daha sonra isə əlavə və ağır maddələrin əlavə edildiyini xatırladıb. İctimai fəal xüsusilə Cinayət Məcəlləsinin 193-1-ci maddəsi – “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamına etiraz edib:

“Apellyasiya məhkəməsində danışmadım, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, tam olmasa da, müəyyən ümidim var”, – deyə o vurğulayıb.

Bəxtiyar Hacıyevin vəkili Elçin Sadıqov da çıxışında aşağı instansiya məhkəmələrinin qərarlarını tənqid edib. Onun sözlərinə görə, müdafiə tərəfi proses boyu 70-dən çox vəsatət verib, lakin heç biri təmin olunmayıb:

“Əgər vəsatətlərimiz qəbul olunsaydı və həmin məqamlar araşdırılsaydı, Hacıyevin təqsirsizliyi tam şəkildə sübuta yetərdi”, – deyə Sadıqov qeyd edib.

Həm vəkil, həm də Hacıyev çıxışlarının sonunda Ali Məhkəmədən bəraət qərarı çıxarılmasını istəyiblər.

Vergidən yayınma və əlavə iddialar

İctimai fəal həmçinin vergidən yayınma ittihamı ilə də mühakimə olunur. Dövlət Vergi Xidməti onun işində zərərçəkmiş tərəf qismində çıxış edir və 52 min manatlıq mülki iddianın təmin edilməsini istəyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü bu iddianı təmin edib və həmin məbləğin Hacıyevdən tutulması barədə qərar verib. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Noyabrın 5-də Ali Məhkəmədə keçirilən iclasda Vergi Xidmətinin nümayəndəsi belə deyib:

“Özümüzə aid hissədə kassasiya şikayətinin təmin olunmamasını xahiş edirik”.

Prokuror da eyni mövqeni bölüşərək, əvvəlki məhkəmə qərarlarını “qanuni və əsaslı” adlandırıb və Hacıyevin şikayətinin rədd edilməsini tələb edib.

Ali Məhkəmə əlavə araşdırma aparacaq

Məhkəməyə sədrlik edən hakim Ələsgər Novruzovun rəhbərliyindəki kollegiya əlavə sübutların araşdırılmasına qərar verib.

Ali Məhkəmənin Bəxtiyar Hacıyevin işi üzrə yekun qərarının noyabrın 18-də elan olunacağı bildirilir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev: “Azərbaycan hökumətinin verdiyi 12 min avronu da cinayət yolu ilə əldə edilmiş vəsait saydılar”