Bəhruz Səmədov ölüm aclığına başlayıb

Bəhruz Səmədov. Foto: Meydan TV

Fəal həbsinə etiraz olaraq 3 gündür aclıq aksiyası keçirir


Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədov həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.


Yaxınlarının Meydan TV-ə verdiyi məlumata görə, sülh fəalı artıq üçüncü gündür ki, aclıq edir.

“Bəhruz Səmədov ölüm aclığının üçüncü günündədir. Ona apardığımız ərzaqları qəbul etmədi”, – yaxınları bildirib.

İyunun 20-də Bəhruz Səmədovun işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı ona 16 il cəza verilməsini istəmişdi.

Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.

Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.

Ana səhifəXəbərlərBəhruz Səmədov ölüm aclığına başlayıb