Zərərçəkən: ”Hakim Eynulla Vəliyevdən yazdığım şikayətə elə özü cavab yazdı”
Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunda yaşayan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Elməddin Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yenidən başlayıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş tərəfin vəkili Namiq Hacıyev təqsirləndirilən şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib. Vəkil bildirib ki, həmin cinayət əməlini törədən şəxsə 5 ildən 8 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulduğu halda E. Kərimov azadlıqda gəzir. Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki, müdafiə etdiyi şəxs məhkəməyə vaxtında gəldiyi üçün barəsində həbs-qətimkan tədbirinin seçilməsinə ehtiyac yoxdur. Məhkəmə vəsatəti təmin etməyib.
Həmin qərar isə zərərçəkmiş tərəfin narazılığına səbəb olub. Onlar məhkəmə zalını tərk ediblər və bildiriblər ki, məhkəmə işə düzgün baxmır.
Proses barəsində açıqlama verən zərərçəkmiş qızın anası T. C. (ad şərtidir) bildirib ki, cinayət işi üzrə məhkəmə prosesi bir neçə ay əvvəl hakim Eynulla Vəliyevin sədrliyi ilə başlayıb: “Həmin vaxt Eynulla Vəliyev işə ədalətsiz yanaşırdı. Mən də onun işdən kənarlaşdırılması üçün etiraz etmişdim. Ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə Eynulla Vəliyevin işdən kənarlaşdırılması ilə bağlı məktub yazdım. Məktuba elə Eynulla Vəliyevin özündən cavab aldım. Məktubda bildirilir ki, şikayətimdə göstərdiklərimin hamısı şər-böhtandır. Hakim iş materiallarına istinad edərək hələ ibtidai istintaq dövründə iş aparan müstəntiqlərə, iş üzrə ifadə verən şahidlərə, ekspertlərə müxtəlif təsir və təzyiqlər göstərdiyimi, böhtan xarakterli ərizələrlə istintaqın gedişinə mane olduğumu bəyan edir. Eynulla Vəliyev yazır ki, məhkəmə iclasları zamanı ifadə verən şahidlərə və ekspertlərə təzyiq və təhqirlər etmişəm. Mən də həmin məktubu aidiyyatı qurumlara göndərdim. Hakim qərarın sonda açıqlamalıdır. Bu necə ola bilər ki, hakim məhkəmə zamanı işə münasibət bildirir, zərərçəkmiş tərəfi hədələyir? Həmin hadisədən sonra bizim etirazımız təmin olundu və iş hakim Eynulla Vəliyevdən alınaraq Əlisultan Osmanovun icraatına verildi. Lakin bu gün keçirilən iclasda gördük ki, hakimlər işə düzgün baxmırlar”.
T. C. bildirib ki, istintaq zamanı Məhkəmə Tibbi Ekspertizası Birliyinin keçmiş direktoru Şakir Musayev saxta rəylər verib: “Hadisədən sonra qarşı tərəf mənə on manat pul təklif etdi. Lakin mən buna razı olmadım. Mənim qızım dəfələrlə intihar etmək istəyib. Mən buna göz yuma bilməzdim. Biz onlarla razılaşmayandan sonra onlar pulu başqa yerlərə xərclədilər. Nəticədə bu gün cinayət işi ört-basdır edilir və həmin şəxs həbs olunmur. Ekspertizanın verdiyi saxta rəy əsasında isə ittihamdan Cinayət Məcəlləsinin 149.2.3-cü (zorlama) maddəsi çıxarıldı. Mənim əlimdə həkimdən aldığım arayışlar var. Arayışlarda qızımın zorlandığı bildirilir. Mən bu məsələ ilə bağlı bütün orqanlara müraciət etmişəm. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin, ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna yazılmışam. Qəbulunda olmadığım adam qalmayıb. Mən dərdimi kimə deyim? İstəyirəm səsimi prezident İlham Əliyev eşitsin. Ona məktub göndərmişəm. Lakin bilirəm ki, bizim məktubumuz ona çatmır”.
T. C-nın sözlərinə görə, Elməddin Kərimov 2013-cü ilin dekabında həmin vaxt 14 yaşında olan qızına qarşı seksual xarakterli hərəkətlər edib. 2014-cü ilin iyununa qədər həmin şəxs qızı məktəb yoldaşları arasında rüsvay edəcəyilə hədələyərək, şantaj yoluyla susmağa vadar edib və cinsi təcavüz edib. Elməddin Kərimov 14 yaşlı qızıma qarşı Cinayət Məcəlləsinin 149.2.3 (zorlama) və 150.2.3-cü (seksual xarakterli hərəkətlər etmə) maddələrilə nəzərdə tutulmuş cinayət əməlləri törədib. Lakin istintaqın sonunda cinayət işi Bakı şəhər Prokurorluğunun müstəntiqi Cavid Abbasov tərəfindən Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi tövsif edilib, işdən 149.2.3-cü maddə çıxarılıb və iş məhkəməyə göndərilib.