AzTV sədri: ”Prezidentin sərəncamından sonra bu biznesə başladım”

Arif Alışanov məhkəməyə gəlməkdən imtina edib

Source:
Arif Alışanov
Arif Alışanov


Arif Alışanov məhkəməyə gəlməkdən imtina edib

”Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu, onun qızını, bacısı oğlunu və sürücüsünü öldürməyə cəhddə ittiham olunan şəxslər AzTV rəhbərinin şəxsən məhkəməyə gəlməsini tələb edir. Arif Alışanova məhkəmədən bir neçə çağırış göndərilsə də, gəlmir. Axırıncı çağırışa isə Arif Alışanov və qızı teleqramla cavab veriblər. Yazıblar ki, məhkəməyə gələ bilməyəcəklər, istintaq dövründə verdikləri ifadəni təsdiq edirlər.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim teleqramı elan edəndə təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov və onun vəkili İmanqulu Həsənov etirazını bildirib.

Müdafiəçi qeyd edib ki, Arif Alışanov məhkəməyə gəlməlidir, onun istintaqa verdiyi ifadə ilə kifayətlənmək olmaz. Çünki təqsirləndirilən şəxslərin də, vəkillərin də onlara sualları var:

“Zərərçəkmiş Arif Alışanov və qızı iştirak etməsə, proses davam edə bilməz”.

Şücayət Əkbərov isə bildirib ki, Alışanov gənc qızın qətliylə bağlı cinayəti ört-basdır etmək, bu barədə suallardan yayınmaq üçün məhkəməyə gəlmir.

Hakim bildirib ki, məhkəmədə Arif Alışanovun nümayəndəsi və vəkili Zaur Abbasov iştirak edir. Bu arqumentə təqsirləndirilən şəxs belə cavab verib: “Əgər vəkil vasitəsilə məhkəmədə iştirak kifayətdirsə, daha bu istidə məni niyə bura gətirirsiniz?”

Etirazlara baxmayaraq, hakim AzTV sədrinin ifadəsini elan edib. Dövlət televiziyasına rəhbərlik edən Alışanov kənd təsərrüfatı sahəsində biznesə başlamasını, bu məqsədlə milyonlarla pul xərcləyib torpaqlar, texnika almasını prezidentin göstərişilə əlaqələndirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı və heyvandarlığın inkişafına dair sərəncamından sonra 2012-ci ildə bu sahə ilə məşğul olmaq qərarına gəldik”.

Arif Alışanov deyir ki, Şamaxının müxtəlif kəndlərində çoxsaylı torpaq sahələrinin alınması üçün qardaşı, qaynı da daxil olmaqla, bir neçə qohum toplaşıb yatırım ediblər. Onun ifadəsinə görə, indi müttəhimlər kürsüsündə olan Şücayət Əkbərov dəllal kimi fəaliyyət göstərir, onun üçün satlıq torpaq sahələri tapır, o da pulunu verib alırdı.

AzTV sədri bildirib ki, torpaq sahələrini sürücüsünün adına alırdı, amma pulunu özü verirdi.

O, həmçinin bildirib ki, qızı ilə Şamaxının Mədrəsə kəndinə Şücayət Əkbərovun evinə gələrkən onlara qarşı silahlı hücum hazırlanması, Şamaxıya bacısı oğlu Dəyanətlə səfərlərindən birində baş vermiş qəzanın əslində onlara qarşı sui-qəsd olmasını sonradan hüquq-mühafizə orqanlarından öyrənib.

Şücayət Əkbərovun onun milyonlarla pulunu ələ keçirdiyini iddia edən AzTV sədrinin sözlərinə görə, Kürdəmirin ucuz torpaqları ona Şamaxının bahalı əraziləri kimi təqdim olunub. O da aldanıb, ziyana düşüb.

Məhkəmədə təqsirləndirilən şəxslərdən Qoçalı Cəbiyevin səhhətindəki problemlərlə əlaqədar tibbi ekspertizadan keçirilməsi məsələsi müzakirəyə çıxarılıb. Ötən məhkəmədə vəkili bildirmişdi ki, Qoçalı həbs olunanda sağlam adam idi, məruz qaldığı işgəncələr nəticəsində birinci qrup əlil olub.

Məhkəmə tibbi ekspertiza ilə bağlı cəsarəti təmin etməyib.

Şücayət Əkbərov isə ikinci həyat yoldaşı Lalənin dindirilməsi barədə vəsatət qaldırıb. Deyib ki, Lalə hər şeyə şahiddir, Arif Alışanov onlara gəlib-gedəndə də Lalə baş verənlərin şahidi olub.

Hakim bildirib ki, bu məsələyə əlavə şahidlərin dindirilməsi mərhələsində baxıla bilər.

AzTV sədrinə və onun yaxınlarına qarşı sui-qəsd üzrə məhkəmə prosesi iyulun 6-da davam edəcək.

İttihama görə, Şücaət Əkbərov Arif Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib, onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə də Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda, onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Şücaət Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Şücaət Əkbərov bildirib ki, Arif Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir.

AzTV sədrinin vəkili Zaur Abbasov məhkəmədə bildirib ki, bu, Arif Alışanova atılmış böhtandır.

Ana səhifəReportajAzTV sədri: ”Prezidentin sərəncamından sonra bu biznesə başladım”