“Sizə müraciət etdikdən sonra təzyiqə məruz qalmışam”
AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı, jurnalist Ağanisə Sultanova ölkə başçısına müraciət edib.Bu barədə ötən həftə AFN.az məlumat yayıb. Jurnalistin ölkə başçısına ünvanladığı məktubda AzTV-nin və Mətbuat Şurasının rəhbərliyinin hərəkətlərindən narazılıq ifadə olunub.
Ağanisə Sultanova yazır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən möhtərəm İlham Əliyev! Hər bir azərbaycanlının, mənim də Prezidentim olduğunuz üçün məcburiyyət qarşısında qalıb ikinci dəfə sizə müraciət edirəm!
Möhtərəm cənab Prezident, öncə onu qeyd edim ki, 2013-cü ildə sizin təşəbbüsünüzlə jurnalistlər üçün tikilən binada “ev bölgüsü” zamanı şahidi olduğum ədalətsizlıklərdən, “alqı-satqı” proseslərindən sonra yeganə ümid yeri kimi sizə müraciət etdim! Məhz sizin ədalətiniz sayəsində uzun illərdən sonra kirayə yaşadığım həyata son qoyuldu, ikiotaqlı mənzillə təmin olundum. Ancaq iki ildir ki, sizə müraciətimdən sonra öz evim olmasını həzm edə bilməyənlər məni təzyiq altında saxlayır, telejurnalist kimi öz potensialımı ortaya qoymağa, işləməyə imkan vermirlər. Hətta heç bir səbəb olmadan aldığım əməkhaqqı 200 manat kəsilir. Kimin üçünsə bu məbləğ elə bir önəm kəsb etməyə bilər, lakin mənim ailəm, həmişə oz sadə peşəsi ilə öz xalqına xidmət edən, beş övladına ali təhsil verən, indi səhhətində problemlər yaşanan valideynlərim üçün böyük məbləğdir və halal haqqımdır. Tanıyanlar bilir ki, 16 yaşımdan BDU-nun jurnalistika fakültəsinə qəbul olunandan, əyani oxumaqla bərabər, həm də gecə-gündüz işləmişəm. Heç kimin qarşısında gözüm kölgəli deyil, öz Xalqıma, öz Dövlətimə, öz Prezidentimə peşəmlə vicdanla, ləyaqətlə xidmət etmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətinə, bu siyasəti ləyaqətlə davam etdirən Sizin siyasi kursunuza hər zaman sadiq qalmışam”.
Ağanisə Sultanova yazır ki, universitetdən çox Heydər Əliyev məktəbini keçən jurnalistlərdən biridir: “TV-də işə başladığım vaxta qədər sizin səfərlərinizdə, görüşlərinizdə qısamüddətli jurnalist kimi fəaliyyət göstərmişəm. Bu günə qədər istər yerli, istər xarici mətbuatda minlərlə məqalələrim dərc olunub. Jurnalist kimi xarici ölkələrə etdiyim bütün səfərlərdə, çıxış etdiyim beynalxalq konfranslarda ümummilli liderimiz Heydər Əliyevin və sizin rəhbərliyinizlə Azərbaycanın uğurlu inkişafını, Qarabağ münaqişəsi ilə bağlı gerçəkləri çatdırmışam və bu istiqamətdə fəaliyyətimi davam etdirirəm.
2001-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən müsabiqədə vətənpərvərlik nominasiyası üzrə “İlin ən yaxşı jurnalisti” adına layiq görülmüşəm. Elə həmin il fevralın 2-də – Gənclər Günü münasibətilə ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi bir qrup gənc arasında mənim də olmağım həmişə qürurla xatırlayacağım hadisələrdən birinə çevrildi. 2005-ci il milli mətbuatın yubileyində sizin imzaladığınız sərəncamla “Tərəqqi” medalı ilə təltif edilmişəm. Cənab Prezident, bu, mənim həyatımda ən dəyərli, ən böyük mükafatdır. Həmin vaxt sizə yaxınlaşıb minnətdarlıq edəndə, çox səmimi olaraq məni təbrik etdiniz və “sənə bundan da böyük uğurlar arzulayıram!” -söylədiniz.
Möhtərəm Prezident, Azərbaycan jurnalistikası, mətbuatımız adına bu peşəyə nə qədər bağlı olduğumun məsuliyyətini dərk edərək, təvəzökarlıqdan uzaq da olsa, demək istəyirəm ki, sizin xeyir-duanızla hələ qarşıda yeni uğurlar qazanacağıma çox əminəm. Amma işlədiyim televiziyanın rəhbərliyi yuxarıda qeyd etdiyim kimi, məhz sizin məni, sadə bir jurnalisti evlə təmin etmənizdən sonra bütün qapıları üzümə bağlayıb, əməkhaqqımı da şüurlu şəkildə kəsib ki, özüm işdən ərizə yazıb gedim. Amma sizin ədalətinizə, xeyirxahlığınıza və humanistliyinizə arxalandığım üçün bütün təzyiqlərə dözürəm. Eləcə də, bu münasibəti Mətbuat Şurası göstərir.
Möhtərəm cənab Prezident, 2013-cü ilin iyulunda ikinci binanın təməlqoyma mərasimində jurnalistlər qarşısındakı çıxışınızı çox gözəl xatırlayıram. Siz bildirdiniz ki, mənzili olmayan, Azərbaycan jurnalistikası qarşısında xidmətləri olan, haqqı çatan jurnalistlərə ev verilməlidir. Eləcə də, iyunun 2-də Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığınız Sərəncamda qeyd olunur ki, jurnalist təşkilatlarının və redaksiyalarının təklifləri əsasında milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edilsin.
Möhtərəm cənab Prezident, təəssüflə qeyd etmək istəyirəm ki, ev bölgüsündə olduğu kimi, Azərbaycan mətbuatına rəhbərlik edənlər, Mətbuat Şurası sizin mətbuata diqqət və qayğınızdan, etibarınızdan sui-istifadə edir. Ev bölgüsündə Mətbuat Şurasının sədri Əflatun Amaşovun sinif, qrup yoldaşlarına, baş redaktorların qardaşı, bacısı uşaqlarına, yaxın qohumlarına “hədiyyə” etdikləri mənzillər “prinsipi” indi də sizin məlum Sərəncamınıza “tətbiq” edilməkdədir. Dünən yazdığım etiraz statusundan sonra Əflatun Amaşovun yaxın çevrəsi “hücuma keçib”. Hansı ki, artıq “mükafatlandırma” siyahısında onların da adları var!
Möhtərəm cənab Prezident, öz dövlətimi çox sevən, sizin apardığınız siyasətə sadiq olan sadə bir azərbaycanlı, jurnalist kimi çoxlu sayda dəyərli həmkarlarımın adından xahiş edirəm, əsl, peşəkar, bu dövlətə sədaqətli olan jurnalistlərin heysiyyatı ilə oynayan, mətbuatı öz şəxsi maraqlarından “idarə edənlərin” hegemonluğuna son qoyun! Onların Sizə təqdim etdikləri siyahının böyük əksəriyyəti bu adlara, təltiflərə layiq deyil. Ona görə ki, biz öz abırımıza sığınıb, başımızı aşağı salıb, peşəmizlə az da olsa, dövlətimizin bu günkü uğurlu inkişafına öz töhfəmizi vermək istəyən jurnalistlərik! Sizin ədalətinizə, xeyirxahlığınıza, humanistliyinizə inanaraq, güvənərək, bu müracıəti edirəm!”
AzTV-nin mətbuat katibi Xatirə Qasımova məsələni Meydan TV-yə şəhr etmək istəməyib. Bildirib ki, rəhbərlik Meydan TV-yə açıqlama verməyi məsləhət görmür.