“Azərxalça”nın 21.6 milyonluq yeyintidə ittiham olunan sabiq sədri məhkəməyə gələ bilmir

Foto: Trend.az

Vidadi Muradovun vəziyyəti ilə bağlı ekspertiza müəyyən olunub

“Azərxalça” ASC-nin keçmiş rəhbəri, ötən həftə ev dustaqlığına buraxılan Vidadi Muradovla bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq müəyyənləşdiriləcək ki, Vidadi Muradov indiki durumda məhkəmədə iştirak edə bilər, yoxsa yox. Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar çıxarılıb.

Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində Vidadi Muradov özü iştirak etməyib. Vəkilləri bildirib ki, onun vəziyyəti çox ağırdır, belə halda məhkəmə prosesində iştirakı mümkün deyil. Onun durumunun məhkəmədə iştirak etməsinə imkan verib-vermədiyini müəyyənləşdirmək üçün vəkillər tibbi ekspertiza təyin olunmasını istəyib.

Hakimlər vəkillərin bu vəsatətini təmin edib və ekspertizanın təyin olunmasına qərar verilib.

Məhkəmə prosesi ekspertizanın rəyi məlum olana qədər təxirə salınıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə ittiham olunan Vidadi Muradov həbsdən buraxılıb.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyev qərar qəbul edib. Qərara əsasən, Vidadi Muradov səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılıb.

65 yaşlı Vidadi Muradov onkoloji xəstəlikdən əziyyət çəkir. Onun işi sentyabrdan Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatındadır. Lakin o, bu məhkəmədə hakim qarşısına çıxarılmayıb. Vidadi Muradovun vəziyyətinin ağır olması və onun xəstəxanaya köçürülməsi səbəbindən məhkəmə prosesi bir neçə dəfə təxirə salınıb.

Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İttihama əsasən, Vidadi Muradov öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. “Azərxalça” ASC-nin xalça ipi alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu cinayət işinin materiallarında əksini tapıb.

Prezident İlham Əliyev Vidadi Muradovu 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

Vidadi Muradovun oğlu Cavid Muradov paytaxtın Sabunçu Rayon Polis İdarəsinin rəisidir. Bundan əvvəl isə o, Səbail rayon Polis İdarəsinin rəisi idi.

Ana səhifəXəbərlər“Azərxalça”nın 21.6 milyonluq yeyintidə ittiham olunan sabiq sədri məhkəməyə gələ bilmir