Hadisə zamanı qadının müavini də xəsarət alıb
Aprelin 21-də axşam saatlarında “Azərsığorta” ASC-nin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramovanın qətlə yetirildiyi bildirilir.
“Report”-un məlumatına görə, 1956-cı il təvəllüdlü qadının kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi, hələlik məlum deyil. Yalnız o məlumdur ki, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri – Tovuz rayon sakini, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu travmatoloji xəsarət alıb.
O, kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Hadisə barədə rəsmi açıqlama verilmir.