“Azərneftyağ” bağlandı

“Zavodun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq”

Source:


“Zavodun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq”

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilib.

“APA-Economics”in məlumatına görə, şirkətin 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.

SOCAR-ın kadr, rejim və texnologiyalar üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, NEZ-lərin fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edir və bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunur. Bu qərar məhz buna görə qəbul edilib.

“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.

Həmin zavodun istehsalat qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışanlar BNEZ-də fəaliyyətini davam etdirəcək. Lakin yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir. Onlara da ixtisaslarına uyğun iş təklif olunacaq.

“Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır. “Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik şəffaflıq təmin ediləcək”, – deyə X. Məmmədov bildirib.

Vitse-prezident əlavə edib ki, “Azərneftyağ” zavodunda çalışan fəhlə kontingentinə ixtisarların aidiyyatı yoxdur.

Ana səhifəXəbərlər“Azərneftyağ” bağlandı