Bundan sonra qazanxanalara mavi yanacağın verilməsidə məhdudiyyət olmayacaq
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib.
“APA-Economics”in məlumatına görə, bunu “Azəriqaz” istehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. Onun sözlərinə görə, artıq borcun bir hissəsi ödənilib: “Azəriqaz” və “Azəristiliktəchizat” arasında yaranmış borc məsələsi həllini tapıb. Keçən həftənin şənbə günündən qazanxanalara qazın verilişi təmin edilib. Bu il üçün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 8 milyon 400 min manata yaxındır. Bu il üçün artıq bu məbləğin 3 milyon manatı ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir”.
Ə.Hacıyev əlavə edib ki, bundan sonra qazanxanalara mavi yanacağın verilməsidə məhdudiyyət olmayacaq: “Hər il “Azəristiliktəchizat”a 13 milyon manatlıq qaz verilir. Hər il bu qaz həcmi artan templə davam edir”.
Onun sözlərinə görə, ümumi borc isə hər iki qurum tərəfindən müəyyənləşdirilən qrafikə uyğun olaraq hissə-hissə ödəniləcək.
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə 43 milyon manat məbləğində borcu var.