Faktla bağlı hazırda Laçın Rayon Prokurorluğunda araşdırma aparılır
“Azərişıq” ASC-nin əməkdaşı, 33 yaşlı Mahir Əbilov noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşüb. Hadisə Mahir Əbilovun xidməti vəzifəsini yerinə yetirərkən baş verib.
Ağır xəsarət alan Biləsuvar sakini xəstəxanaya çatdırılıb. Onun sağ ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.
Laçın Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertiza təyin edilib və bir sıra başqa prosessual addımlar atılıb.
“Faktla bağlı hazırda Laçın Rayon Prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.
Minatəmizləmə Agentliyinin yaydığı məlumata görə, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması haqda razılaşmadan sonra ötən bir il ərzində 180-ə yaxın şəxs minaya düşüb. Onların bir hissəsi həlak olub.