Keçmiş əməkdaşları araşdırma aparılmadığını deyir
“Azəriqaz” İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismarı İdarəsinin Ağdaş rayonu üzrə xidmət sahəsinin işdən çıxarılmış əməkdaşları şikayətçidirlər.
Meydan TV-yə üz tutan şikayətçilər deyirlər ki, onları qaz sayğacına kənar müdaxilə ittihamı ilə işdən çıxarıblar. Ancaq özlərinin hansısa yoxlamadan xəbərləri olmayıb, araşdırma aparılmayıb.
İstehsalat Birliyi ilə “DOST İş Mərkəzi MMC” arasında 2020-ci ilin dekabrında bağlanmış Sazişə əsasən Ağdaş rayonu üzrə xidmət sahəsinə bir neçə nəfər işə götürülüb.
İşdən çıxarılanlardan biri Elvin Vəliyəddinov bildirib ki, müqavilə əsasında çilingər köməkçisi işləyib, 345 manat maaş alıb.
“Uzun illərdir müqavilə əsasında bu sahədə çalışıram. İndiyədək hətta xəbərdarlıq belə almamışam. Evimdəki mexaniki sayğac həddindən çox yazırdı, özüm müraciət etmişdim ki, gəlib smart tipli sayğacla dəyişsinlər. 500 manatdan çox borc yaranıb”,– şikayətçi bildirib.
Onun sözlərinə görə, sayğacı dəyişdiriblər, digər sayğac laboratoriyaya göndərilib. 2 aydan sonra bilidirib ki, sayğac deşilib və kənar müdaxilə olunub:
“Halbuki sayğac sökülərkən plombu üzərində olub. Bundan sonra sayğaca kənar müdaxilə adı ilə müqaviləmə xitam verilib. 6 aylıq körpəm var, heç yerdə işləmirəm, ailəmi dolandırmaqda çətinlik çəkirəm”.
E.Vəliyəddinov deyib ki, məhkəməyə müraciət edəcək.
Digər şikayətçi Asim Mikayılov isə deyib ki, valideynlərinin yaşadığı evin həyətində qaz xəttinə kənar müdaxilə olunduğu əsas gətirilərək işdən çıxarılıb, üstəlik 4200 manat cərimə yazılıb:
“Mən çilingər köməkçisi kimi təmir-bərpa xidmətində işləyirdim. İş geyimi ilə təmin etmirdilər, amma ağır işlərə cəlb edirdilər. Getmək istəməyəndə isə işdən çıxarılma ilə hədələyirdilər. Valideynimin yaşadığı evin sayğacı evin əvvəlki sahibinin adınadır. Heç bir xəbərdarlıq etmədən qanunsuz olaraq həyətə girib, qaz xəttinə kənar müdaxilə olunması ilə bağlı video görüntü çəkilib. Halbuki mən həmin evdə yaşamıram”,-şikayətçi söyləyib.
Onun sözlərinə görə, araşdırma aparılmayıb, qaz xəttinə kimin müdaxilə etdiyi təsdiqlənməyib. Sonradan məlum olub ki, DOST Mərkəzi vasitəsilə işə 3 aylıq müqavilə ilə götürüblər. Aprelin əvvəlində müqavilələrinə xitam verilib:
“Heç yerdə işləmirəm, iki azyaşlı övladım var, onları necə dolandırım?”
Zaqatala Regional Qaz İstismarı İdarəsinin idarə rəisi Sübhi Bayramov DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılova göndərdiyi məktubda bildirib ki, tərəflər arasında bağlanmış sazişə əsasən DOST İş Mərkəzi tərəfindən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə peşəsi işinə qəbul edilmiş 4 əməkdaş əmək intizamına riayət etməyərək daxili nizam-intizam qaydalarını pozub. Yoxlama zamanı müəyyən olunub ki, Elvin Vəliyəddinov və Vüqar Mikayılovun yaşadığı mənzildə quraşdırılmış qaz sayğacına müdaxilə edilib. Qaim Sadıqovun yaşadığı mənzili təbii qazla təmin edən qaz xəttində dəlik, Asim Mikayılovun yaşadığı mənzildə isə qaz sayğacından kənar qaz xətti aşkar edilib. Buna görə də, tərəflər arasında bağlanmış sazişin 4.4-cü bəndinə əsasən həmin şəxslərin əmək müqaviləsinə xitam verilməsi xahiş olunur.
DOST İş Mərkəzinə şikayətlə bağlı sorğu ünvanlanıb, araşdırmadan sonra nəticələr ictimaiyyətə açıqlanacaq.