“Azəriqaz” Qarabağ əlillərini ixtisara salıb (VİDEO)

“Çox gözəl bir qanunumuz olub. Bu, 1994-cü il may ayında 185 saylı Nazirlər Kabinetinin əmridir. Orada göstərilir ki, heç bir əlil ixtisar zamanı ixtisara düşə bilməz”- bu sözləri ikinci qrup Qarabağ əlili Əhməd Rəhmanov deyir. O, 18 il Nəsimi rayonu qaz istismar sahəsində çilingər işləyib. 2014-cü ilin yayında Qəza dispetçer xidmətində 12 nəfərin 6 nəfəri ixtisar olunub. O da ixtisara düşən işçilərdəndir. Əhməd Rəhmanovun fikrincə, idarə əlilliyi olan şəxslərə qanunda nəzərdə tutulmuş iş şəraiti yaratmadığına görə onları ixtisara salır.

“Qanunda göstərilib ki, əlil işləyən idarədə işçilər üçün normal şərait olmalıdır. Biz bu idarəyə girib baxsaq, görərik ki, 50 nəfərin işlədiyi idarədə yuyunmaq üçün əl-üz yuyan yoxdur”-Əhməd Rəhmanov bildirir.


İkinci qrup Qarabağ əlili Adil Süleymanov da ixtisar siyahısında yer alan işçilərdəndir. O, 12 il çalışdığı idarədən iki əmrlə işdən çıxarılıb.”Mayın 25-də bir əmr verib məni işdən çıxarıblar, iyunun 9-da başqa əmr verib işdən azad ediblər. Mən hələ birinci dəfədir görürəm ki, (polisdə də işləmişəm görməmişəm A.S.)bir nəfər üçün iki əmri necə verə bilərlər?”


Əhməd Rəhmanov və Adil Süleymanov işdən qanunsuz çıxarıldıqları ilə bağlı məhkəməyə şikayət ediblər. Onlar Xətai rayon Məhkəməsindən istəyiblər ki, “Azəriqaz” İstehsalat Birliyi onları işə bərpa etsin, evdə qaldıqları dövrdə maaşları ödənilsin, idarədən 300 manat mənəvi ziyan tutulsun. Xətai rayon Məhkəməsi iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Amma “Azəriqaz” hələ də işçiləri yerlərinə bərpa etməyib. İstehsalat Birliyinin Hüquq Departamentinin rəis müavini Arif Rzayev deyir ki, məhkəmənin qərarı onlara çatdırılmayıb. Qərar gələn kimi işçiləri yerlərinə bərpa edəcəklər.


İşdən çıxarılan Qarabağ əlilləri deyir ki, onlar vuruşunda bir gün bu vəziyyətdə yaşacaqlarını düşünmürdülər. 8 aydır onları heç kim işə götürmür və ailələrini dolandıra bilmirlər. “Ailədə 5 nəfərik, özüm də qaçqın, köçkün, Şuşa qaçqınıyam. 5 nəfər ailə üzvünün içərisində işləyən ancaq mənəm. Qoca anam, iki azyaşlı uşağım…Mən bu dəqiqə çox acınacaqlı vəziyyətdə yaşayıram”-Adil Süleymanov deyir.

Ana səhifəVideo“Azəriqaz” Qarabağ əlillərini ixtisara salıb (VİDEO)