“AzerGold” azad edilmiş ərazilərdə hasilatı genişləndirir – 3,6 milyard manatlıq layihələr

Foto: Flegere/shutterstock

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına 5,3 milyard manat investisiya qoyulması nəzərdə tutulub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində nəzərdə tutulan investisiya ehtiyacının 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kreditlər, 2 milyard manatı isə özəl sektor və beynəlxalq maliyyə təşkilatları hesabına formalaşacaq.

Artıq dövlət şirkəti olan “AzerGold” QSC 4 qızıl və filiz yatağının istismara verilməsi üçün ümumi dəyəri 3,63 milyard manat olan layihələrin icrasına start verib.

“AzerGold” QSC-nin sədri Zakir İbrahimovun sözlərinə görə, 4 strateji layihə üzrə nəzərdə tutulan investisiyanın 10 faizinin dövlət büdcəsi hesabına qarşılanması planlaşdırılır.

Həmin layihələrdən biri Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” qızıl yatağıdır. Burada ilk istehsalın 2028-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Layihə üzrə qızıl resursunun 1,03 milyon unsiya olacağı ehtimal edilir.

Yatağın istismarı üçün nəzərdə tutulan investisiya dəyəri 425 milyon manatdır.

İkinci layihə Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağıdır. Burada ilk istehsalın 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulub. Qızıl resursu 246 min unsiya təşkil edir. Tələb olunan investisiyanın həcmi 255 milyon manatdır. Bu layihənin icrası üçün də “AzerGold” və Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə birgə müəssisə yaradılıb.

Üçüncü layihə Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi gözlənilir.

Yatağın istismara verilməsi üçün nəzərdə tutulan investisiya dəyəri 1 milyard manatdır.

“Daşkəsən” dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Bu yataq üçün tələb olunan investisiya isə 1,95 milyard manat təşkil etməsi gözlənilir.

“AzerGold”un sədri bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərdə bir sıra mədən yataqlarında istismara başlanılıb.

Zakir İbrahimovun sözlərinə görə, Ağdərə rayonunda yerləşən “Dəmirli” mis mədənində hasilatın bərpası ümumu hasilatın 7,1 dəfə böyüməsinə səbəb olub:

“AzerGold” birbaşa fəaliyyəti ilə yanaşı, Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövlətin təmsilçiliyi istiqamətində də mühüm nəticələr əldə edib. 2024-cü ilin iyun ayından etibarən həyata keçirilən nəzarət tədbirləri nəticəsində “Azerbaijan International Mining Company Limited” şirkətinin istehsal və maliyyə göstəricilərində də ciddi artım əldə olunub. Qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5,3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37,6 min unsiyaya yüksəlib, yəni 7,1 dəfə artıb. Dövlətin mənfəətdən payı isə 2,4 milyon manatdan 37,6 milyon manata çatıb. Bu, 15 dəfədən çox artım deməkdir. 2026-cı ildə artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonunda yerləşən “Dəmirli” mis mədənində hasilatın bərpası hesabına əldə olunub”.

QSC 2026-cı ildən isə Qafqazın ən böyük qızıl yataqlarından biri olan Kəlbəcərdəki “Söyüdlü”-“Zod” yatağında  istismara hazırlıq işlərinə başlayıb.

Ana səhifəİqtisadiyyat“AzerGold” azad edilmiş ərazilərdə hasilatı genişləndirir – 3,6 milyard manatlıq layihələr