“Azərenerji”nin dotasiya ilə işləməsinin səbəbi pis idarəçilikdir”

Qurum ötən ili zərərlə başa vurub

Source: Meydan TV

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ili 307 milyon 335 min manat zərərlə başa vurub.

ASC 2017-ci ili də 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Beləliklə, 2017-2018-ci illərdə “Azərenerji”nin zərəri 1 milyard manata yaxın olub.

““Azərenerji”-nin bu günə kimi cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 manatdır ki, bunun da 1 milyard 707 milyon manatı, yəni, təqribən 1 milyard dolları kredit borclarıdır”, – ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli belə deyir.

İqtisadçı əlavə edir ki, “Azərenerji”nin niyə ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir:

““Azərenerji” büdcədən hər il böyük miqdarda dotasiya alır. Son iki ildə aldığı subsidiyanın miqdarı 196 milyon manatdır. Keçən il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 milyon manatdır”.

Onun firkincə, dövlətin idarəetməsində olan bütün şirkətlər bərbad gündədir, korrupsiya, “otkat” və “şapka” yuvasıdır.

“Bu açıq və qapalı səhmdar cəmiyyətlər ya tam, ya da qismən özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir. Amma müqavilələr hər addımbaşı pozulmamalı, biznesə qanuni güvən verilməli, ədalətli məhkəmə sistemi təsis edilməlidir”, – N. Cəfərli deyir.

“Azərenerji” ASC-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən “Amerikanın Səsi”nə bildiriblər ki, yazılanlar Natiq Cəfərlinin şəxsi fikirləridir.

“Biz onun şəxsi fikirlərinə cavab vermək məcburiyyətində deyilik”.

"Azərenerji" ASC-nin maliyyə

hesabatını

rəsmi saytına yerləşdirib.

Hesabatda bildirilir ki, bu ilin 6 ayı ərzində elektrik enerjisinə tələbat çoxalıb. İstehsal da, ixrac da artırılıb.

Məlumata görə, 2019-cu ilin birinci yarısında “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur.

“Ötən ilin birinci yarımili ilə müqayisədə elektrik enerjisinin istehsalı da artırılıb. 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur”, – məlumatda vurğulanır.

Qurum bildirir ki, 2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin birinci yarısında elektrik enerjisinə tələbat 586 milyon kVts artıb.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban da “Amerikanın Səsi”nə

bildirib

ki, “Azərenerji”nin dotasiya ilə işləməsinin səbəbi “pis idarəçilikdir”.

İ.Şabanın sözlərinə görə, bütün elektrik stansiyalarının tikintisi ya dövlət büdcəsindən, ya da qismən kredit hesabına maliyyələşdirilir:

““Azərenerji”nin maliyyə vəziyyəti nəinki elektrik stansiyaları tikmək üçün bəs edəcək durumdadır, Azərbaycan Dövlət Neft Şirkətindən aldığı yanacağın pulunu belə vaxtlı-vaxtında ödəmək durumunda deyil. Hətta beş il öncə “Azərenerji”nin yanacaqla bağlı yaranmış bir milyard manata yaxın borcu dövlət tərəfindən silinib. Bu şirkət indi də yanacağı kommersiya qiyməti ilə almır”, – o qeyd edib.

İlham Şaban hesab edir ki, Azərbaycanda elektrik enerjisinin istehsalında “ən böyük çatışmazlıq idarəçilikdədir”.

Ana səhifəXəbərlər“Azərenerji”nin dotasiya ilə işləməsinin səbəbi pis idarəçilikdir”