“Azercell”in qiymət artımı narazılıq yaradıb, boykot kampaniyası başlayıb

Buna səbəb şirkətin mobil nömrələrin aktiv qalma müddətini azaltmaqla bağlı qərarı olub

“Azercell”in yeni tarif sisteminə keçməsi ictimai narazılığa səbəb olub. “Azercell” istifadəçiləri şirkətə qarşı boykot kampaniyası başladıb.

Buna səbəb şirkətin iyunun 2-də mobil nömrələrin aktiv qalma müddətini azaltmaqla bağlı qərarı olub.

Qərara əsasən, iyulun 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndikdə nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə nömrəni aktiv saxlamaq üçün isə 1 – 1,99 manat arası məbləğ yükləmək lazım olacaq.

Şirkətin yaydığı məlumata görə, yeni qaydalara əsasən, balans yükləməsinə görə nömrənin aktiv qalma müddəti dəyişəcək. Belə ki, onlayn ödənişlə balansına aşağıdakı məbləğlərdə pul yükləyən abunəçilər bu qədər müddət xidmətə qoşulu qalacaqlar:

  • 1-1,99 manat – 1 gün
  • 2-2,99 manat – 2 gün
  • 3-4,99 manat – 3 gün
  • 5-9,99 manat – 5 gün

Bundan əvvəl qüvvədə olan tarifə əsasən isə, nömrəyə 1 – 1,99 manat yüklədikdə o, 5 gün aktiv qala bilirdi.

“Azercell” tənqidlərə cavab olaraq bildirib ki, istifadəçilər abunə olduqları tarifin abunə haqqını ödədikdə balansa etdikləri ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin istifadə müddəti bitənədək aktiv qalacaq.

“Misal olaraq, əgər nömrənizdə “Azercellim” tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (30 gün) nömrənizin xətti aktiv qalacaq”, – şirkətdən deyilib.

Bu açıqlama sosial şəbəkə istifadəçilərini qane etməyib, onlar mobil operatoru boykot etməyə çağırıb, #BoycottAzercell həştəqi altında kampaniyaya start veriblər.

İstifadəçilər bu dəyişikliyi ədalətsiz və spekulyativ addım kimi dəyərləndirir. Xüsusilə aztəminatlı abunəçilər üçün xidmətin əlçatmaz hala gələcəyini bildirirlər.

Ana səhifəSosial“Azercell”in qiymət artımı narazılıq yaradıb, boykot kampaniyası başlayıb