1
Osmanlıcanın ancaq 20-25 %-i türkcə idi. Bu, 10 kəlməlik bir cümlədə ən çoxu 2 kəlmənin türk dilində olması deməkdir. Bu da indiki, ərəbcə-farsca sözlərə bulaşmış da olsa, azərbaycanca bir cümlənin o vaxtkı osmanlıca bir cümlədən daha türkcə olduğunu bildirir.
Osmanlıcanı ərəbcə və farscanın məngənəsindən qurtarıb, türkcələşdirmək, dili sadələşdirmək üçün Mustafa Kamal Paşa (Atatürk) ölümündən 6 il qabaq, 1932-ci ildə dil inqilabına başlayır. Bu, artıq əlifba yox, dil inqilabı idi, on minlərlə sözü dəyişdirmək proqramı. Son illərdə bir sıra boşbeyin azərbaycanlı publisist, jurnalist və müəlliflərin, danışanda ağızlarına, yazanda barmaqlarına təpişdirdikləri önəm, durum, özəl, genəl, ilginc, doğal, toplum kimi sözlər, inandıqlarının əksinə, heç də Anadolu xalqının yaratdığı, əsl, xalis, doğma türkcə sözlər olmayıb, Mustafa Kamal Paşa-nın fərmanıyla yaradılmış Türk Dil İdarəsinin “dilbaz” məmurları tərəfindən bir neçə il ərzində, tələm-tələsik, türk dilinin köklərindən və başqa qollarından qoparılmış, ən əsası da yanlış düzəldilmiş kəlmələrdirlər.
Mustafa Kamal Paşa dil inqilabının rəhbərliyini, o dövrün yeganə təhsilli dilçisi, erməni əsilli Agop Martayan-a tapşırır. Türk xalqı bir erməninin başçılığı altında aparılan dil inqilabını elə bəri başdan rədd etməsin deyə, M. Kamal Paşa onun “Martayan” familiyasını “Dilaçar” familiyası ilə əvəz edir. Dilaçar-a çevrilmiş Martayan da Paşa-ya borclu qalmır, Böyük Millət Məclisində ona “Atatürk” titul-adının verilməsini təklif edir. Təklif qəbul edilir, beləcə, Mustafa Kamal Paşa da Atatürk adını alır.
2
Danışdığımız dil – türk dili – Şərqi Avropadan ta Çinədək çox böyük bir əraziyə yayılmış olub, 300-350 milyonluq bir xalqın dilidir. Danışanlarının sayına görə dünyanın 5-ci, ya 6-cı dilidir (ərəblərlə yarışırıq). Yaşı bir neçə min ildir. Son illərdə qayaüstü damğaların (petroqliflərin) deşifrə edilməsiylə birlikdə, türk dilinin yaşayan ən əski (qədim) dil olması Qərb elmi dairələrində təsdiq edilmək üzrədir. Türk dilində səslərin düzülüşünədək, hər şey dəqiqdir, qaydalıdır. Bu dilin feil və isim kökləri, bu köklərin mənaları, hansı sonluqların (şəkilçilərin) olması və bu sonluqların mənaları, sayları (G. Clauson türk dilləri və dialektləri üçün xarakterik 183 sonluq göstərmişdir), bir sonluğun isimkökünəmi, yoxsa feilkökünəmi yapışacağı, belə bir birləşmədən hansı tip mənaların ortaya çıxacağı və b. bəllidir, dəqiqdir, dəyişməzdir.
Biz azərbaycanlıların danışdığı dilin isə – Qərb türkcəsinin şərq qolu və yaxud orta qolu – qıpcaqca ilə oğuzcanın qarışmasından yaranmış bir qol olub, rəsmi olaraq ən azı 800 il yaşı var. Ancaq başqa hesablamalara görə (məsələn, akademik Ə. Dəmirçizadə-nin əsaslandırılmış hesablamasına görə) Azərbaycan dilinin yaşı min ildən də çoxdur. Yeri gəlmişkən deyim, türk dilləri və dialektləri içində Azərbaycancanın ayrıca çəkisi vardır, dilimiz indi ərəbcə-farsca sözlərlə nə qədər murdarlansa da, türk dilləri filologiyasında öz potensialına və tutumuna görə sayılıb-seçilən dillərdən biri, bəlkə də birincisidir. Azərbaycan dili sumercədən, Altay hunlarının dilindən, Divani lüqatit-türk, Qutadqu Bilik, Altın Yarıq kimi əski türkcənin yazılı abidələrinin dilindən və s. daha çox sözü özündə saxlamaqla, ən azından Türkiyədə danışılan və “türkcə” adını daşıyan dildən daha güclü, daha yaddaşlı, tarixin dərinliklərinə qapıları və bağları daha çox olan bir dildir. Bu faktı dilçilər yaxşı bilir.
Oğuzcanın üstünlüyünü daşıyan Azərbaycan dili hazırda bizdən başqa, Anadolunun şərqində, Kərkük daxil olmaq şərtilə İraqın quzayında, Güney Azərbaycan adı verdiyimiz – İranın quzay-qərbində də başa düşülür, danışılır. Göründüyü kimi, tarixi fiziki ərazilərimizi itirsək də, dilimizin ərazisi böyük olaraq qalır.
3
Atatürk-ün dil inqilabı fərmanı osmanlıcanı türk dilləri ailəsinə qovuşdurmaq məqsədi daşısa da, çox heyf, əksinə olmuş, başda Dilaçar olmaqla, dil inqilabının məmurları, türk dilinin başqa qol və dialektlərindən heç bir söz almadıqları üçün, özlərindən yeni sonluqlar uydurduqları üçün, sonluqları isimkökü-feilkökü fərqi qoymadan köklərə “necəgəldi” birləşdirib qurama sözlər düzəltdikləri üçün, əski türk yazılı abidələrindəki sözləri onların mənasını düzgün başa düşmədən diriltdikləri üçün, yeni sözləri türk dilinin ümumi qaydalarını pozaraq yaratdıqları üçün, ayrı-ayrı elm sahələrinə və fəlsəfi düşünməyə aid yanlış terminlər quraşdırdıqları üçün və başqa səbəblərdən, sonda, əski türkcə yazılı abidələrdəki kəlimə fondundan və türk dil ailəsinin başqa dialektlərindən qopuq, yapma, köksüz, yanlış bir dil ortaya çıxmışdır. Buna görə də mən bu yeni dili “türkcə” adıyla yox, “türkiyəcə” adıyla çağırmağa məcburam.
Azərbaycanlılar türkiyəcə durum-murum, önəm-mönəm deməklə, 300 milyonluq türk dili ailəsinə, türk dilinin keçmişinə qovuşmaq nədir, tam əksinə, bu ailədən də, tarixi köklərdən də uzaq düşmüş olurlar.
4
Türk dil inqilabı məmurlarının (onlara dilçi deməyə dilim gəlmir) dilin başına nə oyun açdıqlarını göstərmək üçün, gəlin, bir sıra misallara baxaq.
Ərəbcə “məcburiyyət” sözünü türkcələşdirmək üçün, “səpin”, “gəlin” kimi sözlərdən tanıdığımız, feil kökünə birləşib isim yaradan, dörd fonetik variantlı -in sonluğunu, farscanın (?) “zor” sözünə birləşdirib, onun ardından da -lu sonluğunu artırıb, “zorunlu” kimi qulyabanıya bənzər bir söz düzəldiblər. Dediyim kimi, “zorunlu” farsca bir kökdən və türkcə bir sonluqdan düzəldilmiş türkiyəcə bir sözdür. Zorunda olmaq da belədir.
Əski türkcənin “ön” isim kökünə, “bayraqdar”, “cahandar” kimi sözlərdən yaxşı tanıdığımız farscanın “-dar” sözünü (tutan deməkdir) artırıb, “öndər” sözünü yaradıblar. Azərbaycanda isə çoxları elə bilir “öndər” xalis türkcə bir sözdür, halbuki, “öndər” də türkcə yox, türkiyəcədir.
Ərəbcə “dünya” sözündən yaxa qurtarmaq istərkən, bilmədən və sonra da bilmədiklərini boyunlarına almaq istəmədən, türkcə olmayan, iranmənşəli bir dilin – soğdcanın acun (açın, ajun) sözünü götürmüşlər. Bu haqda G. Clauson da yazmışdır.
“Nasıl” sözü özümüzün “nə” isim kökümüzlə, ərəbcənin “asıl” (əsil) sözünün birləşməsindən yaranıb, yarımtürkcə-yarımərəbcə sözdür. Kökü gedib sumercəyə çatan “necə” sözünü deməyib, osmanlıca “nasıl” deməklə biz türkləşmirik, əksinə, özgələşirik. Türkcə danışan bizik, türkiyəlilər yox.
Türkiyəli dil məmurları başqa dillərdən hazır sözlər almaqlarına, ya da aşağıda oxuyacağınız kimi, sırf fonetik bənzərliyə görə yeni sözlər düzəltməklərinə baxmayaraq, ehtiyacları ola-ola Azərbaycan dilindən bircə söz də almayıblar, bircə söz də!
Gəlin, bir-iki misala baxaq: “soyuducu” sözümüzü bəyənməyib, “buz dolabı” sözünü yaradıblar; “asılı” sözümüzü bəyənməyib, “bağımlı” sözünü yaradıblar; “açar” sözümüzü götürməyib, farsın “anahtar” sözünü götürüblər; “hovur” sözümüzü, “sürək” sözümüzü istəməyib, “sürə” sözünü yaradıblar; “başlıca” sözümüzdən xoşları gəlməyib, “önəmli” sözünü yaradıblar; “seçki” sözümüzü bəyənməyib, “seçim” sözünü yaradıblar; “ayrıca” sözümüzü istəməyib, “özəl” sözünü yaradıblar; “ödək” sözümüzə ağız büzüb, “ödünc” sözünü tapıblar; “gündəlik” sözümüzü bəyənməyib, “gündəm” sözü yaradıblar (halbuki, türk dilində -dəm sonluğu yoxdur!); “dayaq”, “dayaq durmaq”, “dayaq vermək” kimi sözlərimizi almayıb, farscanın “dəstək”, “dəstəkləmək” sözlərini rəsmiləşdiriblər; “birdən”, “lapdan” sözlərimizi istəməyib, “ansızın” sözünü yumurtlayıblar; ismin “yiyəlik”, “yönlük” kimi hal adlarını götürməyib, ismin “-in halı” (akkuzativ), “-a halı” (dativ) kimi əcaib terminlər düzəldiblər. Çoxdur belə misallar.
Axı, necə ola bilir ki, bizim sözlərimiz daha təbii, daha türkcə, daha qədim ola-ola; onlar bizdən bircə söz də götürməyə-götürməyə; yaratdıqları süni, köksüz və yanlış sözlər bizim təbii sözlərimizdən keyfiyyətcə geri qala-qala, biz öz sözlərimizə arxa çevirib, onların sözləriylə danışmağa can atırıq? Bu, nə üçün belə olur?!
Deyəcəksiniz ki, bəlkə Azərbaycan dilini bilməyiblər. Yuxarıda adını çəkdiyim A. Dilaçar (Martayan) 1950-ci ildə “Azəri türkcəsi” deyə bir kitab yazmışdır. Deməli, o, Azərbaycan dilini bu haqda kitab yazacaq dərəcədə yaxşı bilirdi. Ancaq dil inqilabında on minlərlə osmanlıca sözü dəyişdirərkən, Azərbaycan dilindən bircə söz də almaq istəməmişdir.
Həmin bu Dilaçar bir məqaləsində (Batı türkcəsi, 1953) türklərin (bizi deyir) Qafqaza gəlmə xalq olduğunu açıq-aydın yazmışdır. Məndə yaranan təsəvvür budur: Dilaçar Atatürk-ün savaşdan sonrakı yorğunluğundan, vaxtsızlığından və dil biliyinin azlığından sui-istifadə edərək, dil inqilabını Türkiyəni başqa türkdillilərdən ayırma proqramı üzrə aparmışdır.
Ancaq hər şeyi Dilaçar-ın boynuna yıxa bilmərik. Məsələ burasındadır ki, Dilaçar-dan sonra da ta bü günəcən Türkiyə Dil İdarəsi Azərbaycan dilindən bircə söz də götürməyi özünə sığışdırmamışdır!
Təkcə bizdən deyil, türk dilləri ailəsinin başqa dialektlərindən də (xakasca, qazaxca, qırğızca və s.) demək olar, heç bir hazır söz almayıblar. Ancaq indi, yaratdıqları yapma, köksüz və yanlış dillərini “ortaq türkcə” adı altında başqalarına sırıyırlar.
Dilin qayda-qanunlarına və tələblərinə spontan əməl edilərək, təbii yolla yaranmış, yüz illərlə işlənilərək cilalanmış, ələnmiş, tarixi ədəbi mətnlərdə tez-tez qarşımıza çıxan azərbaycanca sözlərdən birini də bəyənməyiblər, elə indi də bəyənmir və götürmürlər. Ancaq buna baxmayaraq, bizim nökərruhlu, biliksiz, düşüncəsiz kağıza qələm sürtənlərimiz, klaviatura düyməcikləri döyəcləyənlərimiz onların yapma, köksüz, yanlış sözlərini işlətməkdən zövq alırlar. Özü də bunu öz sözlərimizi unutdurmaq bahasına edirlər. Çörəyi kağıza qələm sürtüşdürməkdən və klaviatura döyəcləməkdən, bir sözlə, dildən çıxan bu insanların dilə buncan dəyərsiz gözlə baxmaqları adamı yandırır.
5
İndi də, gəlin, fonetik bənzərliyə söykənərək yaradılan türkiyəcə sözlərdən də bir neçəsini tanıyaq.
Ərəbcənin “şərəf” sözünü türkcələşdirmək üçün fransızcanın eynimənalı “honneur” (oxunuşu: onouğ) sözünə oxşadıb, onur sözünü uydurublar.
Ərəbcə “məktəb” sözü qarşılığında yenə fransızcanın eynimənalı “ecole” (oxunuşu: ikol) sözünə oxşadaraq, okul (oxul) sözünü düzəldiblər.
Ərəbcə “ümumi” sözünü latıncanın eynimənalı “generalis” sözünə bənzədərək, “genəl” sözünü düzəldiblər. Mən olmayım, siz olun, “gen əl” söz birləşməsindən siz nə başa düşürsünüz? Qısaca deyim, “gen əl” fəlsəfənin ən çətin anlayışlarından biri olan “ümumi” anlayışının termini ola bilməz. Bu, yanlış termindir.
Ərəbcə “xəyal” sözü əvəzində düzəltdikləri imgə sözü ingilis dilinin “image” sözünə oxşadılaraq yaradılmışdır.
Ərəbcənin “hüdud, sərhəd” sözləri əvəzinə yunan dilindən σύνορα (oxunuşu: sunora) sözünə oxşadaraq, sınır sözü düzəldiblər.
Qut sözünün mənasını də qəti olaraq qanmayıblar. Qut nə müqəddəs, qüdsi deməkdir, nə də xoşbəxtlik. Bu haqda J.P.Roux da yazıb. Təqdis etmək əvəzinə kutsamak sözü də bütünlüklə yanlışdır. “Qüdsi” (“Qüds”dən) sözünə fonetik oxşarlıq olsun deyə, düzəltdikləri “kutsal” sözü də həm semantik, həm morfoloji baxımdan tipik türkiyəcə bir sözdür.
Dünyanın hansı dilində fonetik bənzərliyə görə yeni termin yaradılmışdır? Dünyanın hansı dilində pürizm (dildə arındırma aparmaq) bu metodlarla aparılmışdır? Onda gəlin biz də, məsələn, “korrupsiya” terminini “qarqara” sözüylə əvəzləyək, axı bənzəyirlər. Bu qədər “gerizəkalı” olmaq olar?!
(Ardı olacaq)
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.