Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur

Ötən əsrin 80-ci illərinin sonlarında etnik təmizləmələr davam edib.

Source: google.az


101 il öncə Bakıda və ona yaxın yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib

31 mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarix sabiq prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə qeyd olunur.

Tarixi sənədlərə görə, 1918-ci il martın 31-də Bakıda "Daşnaksütyun" Partiyasının (Ermənistanın "Daşnaksütyun" inqilabçı federasiyası) birləşmələri Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində dinc əhaliyə qarşı hərbi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində 12 minə yaxın insan həlak olub.

Bakıda hərbi əməliyyatlar martın 30-dan aprelin 2-dək davam edib. Bu müddətdə Bakıda və ona yaxın yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib.

Hərbi əməliyyatlara İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edib. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan idi. Bakı qəzasında (Bakı quberniyasının şərq hissəsi) etnik təmizləmələrdən sonra dinc əhalinin qırılması Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər raoynlarında da davam etdirilib.

Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də İslam ordusunun gəlişindən sonra bərpa edilib.

1918-ci ilin mart-aprel hadisələri xalqın faciəvi tarixinin səhifələrindən yalnız biridir. XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı öldürülüb və deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti sovet hakimiyyəti illərində də davam edib. 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Ötən əsrin 80-ci illərinin sonlarında etnik təmizləmələr davam edib.

Ana səhifəXəbərlərAzərbaycanlıların Soyqırımı Günü qeyd olunur