Ən çox xərc isə ərzağa gedir
Azərbaycanlılar içki və tütünə kompüter, telefon və çap məhsullarından 4 dəfə çox pul xərcləyir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bunlar 2024-cü ilin ilk 2 ayının məlumatlarıdır.
İlk iki ayda pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub.
Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclənən vəsait 109 milyon manat, tütün və içki məhsullarına isə 440.4 milyon manat xərcləyiblər.
İqtisadçı, deputat Vüqar Bayramov da bildirir ki, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içki və tütün məmulatların alınmasına sərf olunan vəsaitdir.
“İlk 2 ayda vətəndaşlar bu məqsəd ilə 440.4 milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir”.
Deputat bildirir ki, Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtli içkilərin istehlakından həyatını itirir.
“Kompüterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir. Belə görsənir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik”.
Statistikada diqqət çəkən ikinci məqam isə ən çox vəsaitin ərzaq məhsullarına xərclənməsidir – ümumi xərcləmələrin yarısından çoxu.
Müstəqil ekspertlər, iqtisadçılar düşünür ki, əgər bir ölkə vətəndaşları vəsaitlərinin yarıdan çoxunu ərzağa xərcləyirsə, deməli, kasıb yaşayır.