Müdafiə naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib
Martın 18-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
General-polkovnik Z.Həsənov 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Zakir Həsənov Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyətlə bağlı danışıb:
“Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurları, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
Y.Stoltenberq Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb:
“Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”.
Xarici İşlər naziri Ceyhun Bayramovla NATO-nun Baş katibi Yens Stoltenberq arasındakı görüşdə əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət müzakirə olunub:
“Beynəlxalq sülh və təhlükəsizliyə töhfəyə istiqamətlənən əməkdaşlığımızın eyni zamanda müvafiq sahə üzrə islahatlar, təkmilləşdirmə və ixtisasartırma fəaliyyətində öz əksini tapdığı qeyd edilib”.
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, aparılan fəaliyyətin qarşısında dayanan ən böyük çağırışlardan biri olan mina təhdidi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib:
“Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcudluğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb”.
Azərbaycan-NATO münasibətləri 1992-ci ilin martında başlayıb.
Həmin il Azərbaycan təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv qəbul edilib.
1994-cü ildə Azərbaycan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.
1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurasına da qoşulub və NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb