”Azərbaycan və Ermənistanın müvafiq orqanları səfərə razılıq verib”
“Turan” agentliyinin redaktoru Şahin Hacıyev 1-5 fevral tarixlərində bir sıra reportajlar və müsahibələr hazırlamaq üçün Ermənistana ezam edilib.
Agentliyin məlumatına görə, həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınıb.
“Ermənistan XİN Hacıyevə və onu müşaiyət edən Gürcüstanlı və Rusiyalı assistentlərə jurnalist akkreditasiyası verib.Yerevana səfəri çərçivəsində Ş.Hacıyev siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib. Gələcək günlərdə yayımlanacaq video və yazılı reportajların mövzusu Qarabağ nizamlanması məsələləri, regiondakı vəziyyət olacaq. Bu materiallar “Turan” agentliyinin saytında və “Contact” saytında dərc ediləcək”, məlumatda deyilir.
“Turan” agentliyi jurnalistlərdən redaktorun səfərinin məqsədi və mahiyyəti barədə bu informasiyadan istifadə etməyi və israrla bu səfərin məqsədləri haqqında məlumatı təhrif etməməyi, məlumat əlavə etməməyi xahiş edib.